• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hökumətin əhalini müflis edən bahalaşma siyasətinə ekspertdən ETİRAZ  

GÜNDƏM

17 Sentyabr 2021 | 11:31

Hökumətin əhalini müflis edən bahalaşma siyasətinə ekspertdən ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanda benzinlə çörək eyni gündə bahalaşdı. Ümumiyyətlə, idxal olunan istehlak mallarında qiymət artımının olacağı gözlənilir.

İqtisadçı alim Nazim Bəydəmirli Bakıvaxtı.az-a bildirib ki, digər sahələrdə də zəncirvari qiymət artımı olacaq.

“Azərbaycanda liberal bazar iqtisadiyyatı formalaşmadığına, hökumət inzibati yollarla bazara və iqtisadi proseslərə təsir etdiyinə görə, qiymət artımı baş verir”,-deyə N.Bəydəmirli bildirib.

Ekspertin sözlərinə görə, SOCAR tərkibində olan neftayırma zavodlarını vaxtında rekanstruksiya etməyib: “Hökumət deyir ki, Azərbaycan “Aİ-95” və “Aİ-98” markalı benzini xaricdən gətirir. Vətəndaşlar da haqlı olaraq soruşurlar ki, Azərbaycanda niyə bu markalı benzinin istehsalı mümkün olmayıb? Hökumət uzun müddət  xammal neftini satmaq siyasətinə üstünlük verib, asan gəlir əldə edib SOCAR-ı idarə edənlərin daha çox korrupsiya və rüşvətxorluq sxemləri ilə dövlət büdcəsinin imkan verdiyi şəraitdə müxtəlif investisiya layihələrindən mənimsəmələrə yol veriblər.

SOCAR tərkibində olan neftayırma zavodlarını vaxtında rekanstruksiya etməyib. Azərbaycanda neftayırma zavodları keçən əsrin 50-60-cı illərdə qurulan sistemdir. Az vəsaitlə bu zavodları rekanstruksiya etmək olardı. “Aİ-95” və “Aİ-98” markalı benzini və digər neft məhsullarını da ölkədə istehlsal etmək olardı.

Neftin qiymətinin yüksək olduğu illərdə guya Qaradağ rayonunda müasir neftayırma zavodunun tikintisi nəzərdə tutulmuşdu. Və ora 13-15 milyard dollar vəsaitin xərclənəcəyi elan olunmuşdu. Sonradan iqtisadi böhran bu planları təxirə saldı. Bir neçə ildən sonra hökumət artan təzyiqi nəzərə alaraq, köhnə zavodları rekanstruksiya etməyə başladı”.

N.Bəydəmirli qeyd edib ki, Azərbaycanda bütün sahələr dövlət inhisarçılığı mövcuddur: “Benzinin qiymətinin artması neft sahəsinə rəhbərlik edən şəxslərin səriştəsizliyindən və uzaq görən olmaları səbəbindən baş verir.  

Azərbaycana buğdanın daha çox idxal olunduğu Rusiyada bu ilin əvvəlindən ixraca aksiz vergisi tətbiq edilib. Ona görə də ölkəyə buğda baha gəlir. Bunun qarşısını almaq üçün Azərbaycan hökuməti heç bir addım atmadı. Buğdaya olan əlavə dəyər vergisini (ƏDV) götürməklə yerli monopolistlərə şərait yaratdı. Amma unun idxalına əlavə dəyər vergisini saxlayıb. Bu da xaricdən unun gətirilməsinə və bazarda stabilliyin yaradılması üçün hökumət yenə də adekvat addımı atmayıb. Hesab edirəm ki, bu səhv addımlardan biridir”.

Ekspert vurğulayıb ki, hökumət təcili idxal olunan una, ümumiyyətlə ölkədə tələbatı tam ödəməyən müxtəlif istehlak malları üçün idxal rüsumları azaldılmalıdır, vergilər ləğv edilməlidir: “Hökumət vətəndaşı düşünməlidir.   

Digər sahələrdə də zəncirvari qiymət artım olacaq. Bahalaşmanın qarşısını almağın yeganə yolu hökumətin əlində olan rıçaklar, iqtisadi fəaliyyəti artırmaq, yerli istehsalçıları stimullaşdırmaq və iqtisadi fəaliyyyəti inhisarsız mühitə gətirmək, idxal məhsullarına rüsumları adekvat olaraq azaltmaq və ləğv etmək lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026