3 gündən sonra Azərbaycanda yeni tədris ilinə start veriləcək. Dərs ilinin başlaması metroda sıxlığın, yollarda isə tıxacın yaranması deməkdir.
Maraqlıdır, ictimai nəqliyyat tədris ilinə necə hazırlaşır? Sıxlığın qarşısını almaq üçün hansı tədbirlər görülür?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, tədris mövsümünün başlaması ilə əlaqədar xətlərə buraxılan avtobusların sayı artırılıb və 170 avtobus marşrut xətlərinə cəlb ediləcək.
Həmçinin 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq.
Qeyd edilib ki, hədəf sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.
Bakı metropolitenində isə sentyabrın 16-dan qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.
"Bakı Metropoliteni" QSC-dən Bakıvaxtı.az-a bildirilbi ki, fəal istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.
Mina Mikayılova