• Bakı 12° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

İki həftəlik atəşkəs: müharibə dayanır, yoxsa sadəcə fasilə verilir?

SİYASƏT

08 Aprel 2026 | 09:47

İki həftəlik atəşkəs: müharibə dayanır, yoxsa sadəcə fasilə verilir?

ABŞ və İran iki həftəlik şərti atəşkəsla bağlı razılığa gəldilər. Son məlumatlara görə, bu razılaşmanın əsas elementlərindən biri Hörmüz boğazının açılması ilə bağlıdır.

Eyni zamanda, tərəflərin növbəti mərhələdə İslamabadda danışıqlara başlaması gözlənilir. ABŞ tərəfi hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşsa da, İsrail bu atəşkəsin Livan cəbhəsinə aid edilməyəcəyini açıq şəkildə bəyan edib. Bu isə onu göstərir ki, ortada tammiqyaslı sülh yox, daha çox məhdud və şərti xarakter daşıyan fasilə mövcuddur.

Hazırkı vəziyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər bu mərhələni fərqli şəkildə təqdim edir. Vaşinqton bunu hərbi təzyiqin nəticəsi kimi göstərməyə çalışır və diplomatik prosesə üstünlük qazandırdığını vurğulayır.

Tehran isə əksinə, bunu öz şərtlərini gündəmə gətirmək üçün yaranmış imkan kimi qiymətləndirir. İranın irəli sürdüyü tələblər arasında hücumların dayandırılması, təhlükəsizlik zəmanətləri, sanksiyaların ləğvi və Hörmüzlə bağlı məsələlər yer alır. Bu şərtlərin hamısının qəbul olunması real görünmədiyi üçün mövcud mərhələni daha çox qarşılıqlı güzəşt axtarışının başlanğıcı kimi dəyərləndirmək olar.

Prosesdə vasitəçilik rolunun ön plana çıxması da diqqət çəkir. Pakistanın təşəbbüsü ilə tərəflərin eyni platformada bir araya gətirilməsi regiondakı geosiyasi balansın dəyişdiyini göstərir. Eyni zamanda, digər böyük güclərin də dolayı şəkildə bu prosesə təsir etməsi ehtimalı var. Bu isə münaqişənin artıq təkcə regional yox, daha geniş beynəlxalq kontekstdə idarə olunduğunu göstərir. Bu cür mürəkkəb diplomatik konfiqurasiya isə razılaşmanın davamlılığını daha da həssas edir.

İsrailin Livan istiqamətini atəşkəsdən kənarda saxlaması isə vəziyyətin ən riskli tərəflərindən biridir. Bu qərar faktiki olaraq onu göstərir ki, münaqişə vahid xətt üzrə dayandırılmır, əksinə müxtəlif cəbhələr üzrə fərqli tempdə davam etdirilir. Bu isə İran üçün əlavə təzyiq yaradır, çünki Tehran bir tərəfdən ABŞ ilə danışıqlara gedir, digər tərəfdən isə regional təsir dairəsində olan qüvvələrə qarşı əməliyyatların davam etdiyini görür. Belə şəraitdə qarşıdakı dövr həm diplomatik, həm də hərbi baxımdan olduqca həssas olacaq.

Ümumilikdə, yaranmış vəziyyət onu göstərir ki, müharibə dayanmayıb, sadəcə onun intensivliyi və forması müvəqqəti dəyişib. İki həftəlik fasilə tərəflərə nəfəs almaq və mövqelərini yenidən qurmaq imkanı verir. Lakin əsas ziddiyyətlər qalır və bu ziddiyyətlər aradan qaldırılmadığı halda, prosesin yenidən daha sərt mərhələyə keçməsi ehtimalı yüksək olaraq qalır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

07 Aprel 2026