• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"İndi bizdən qorxurlar" - Prezidentin Talış kənd sakini ilə maraqlı dialoqu

CƏMİYYƏT

18 Mart 2023 | 19:37

İndi bizdən qorxurlar - Prezidentin Talış kənd sakini ilə maraqlı dialoqu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar.

Dövlət başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar.

Məlumat verilib ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilib. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzində yeni hasarlar tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub.

Bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. İlk mərhələdə Talış kəndində məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyev: Salaməleyküm.

Ev sahibi Əyyub Əkbərov: Xoş gördük, cənab Prezident. Var olsun, Prezidentimiz.

Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gördük, təbrik edirəm.

Ev sahibəsi Arzu Əkbərova: Salam, Mehriban xanım, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz?

Əyyub Əkbərov: Gözəl, necə olacağam? Buradan gedəndə cavan oğlan idim, 30 yaşında getmişdim.

Prezident İlham Əliyev: Neçənci ildə buradan getmişdiniz?

Əyyub Əkbərov: 1993-də getmişdim. İndi şükürlər olsun. Gözlərimə inanmıram.

Prezident İlham Əliyev: Ovaxtkı Talış kəndi də bu cür idi?

Əyyub Əkbərov: Bəli.

Prezident İlham Əliyev: Bu da eviniz.

Əyyub Əkbərov: Bəli, mənim evim budur. Şükürlər olsun, elə gələn kimi də işlə təmin olunmuşam. İcma mərkəzini mənə verdilər.

Prezident İlham Əliyev: Orada işləyirsiniz?

Əyyub Əkbərov: İnşallah, burada da bir 20-30 adam işlədəcəyəm.

Prezident İlham Əliyev: Hə, çox yaxşı.

Əyyub Əkbərov: Şükürlər olsun, cənab Prezident, hər şeyimiz var, şükür Allaha.

Prezident İlham Əliyev: Gəl, baxaq. Nə vaxt gəlmisiniz, iki gün qabaq gəlmisiniz?

Əyyub Əkbərov: Bəli, bir-iki gün olar gəlmişik. Buyurun.

Prezident İlham Əliyev: Yemək otağı.

Əyyub Əkbərov: Çox şadıq.

Prezident İlham Əliyev: Siz harada yaşayırdınız?

Əyyub Əkbərov: Bakıda yaşayırdıq. Ancaq inanırdıq ki, nə vaxtsa gələcəyik, buranın həsrəti ilə yaşayırdıq.

Prezident İlham Əliyev: Əlbəttə. Çox keçdi, amma qayıtdıq.

Əyyub Əkbərov: Şükürlər olsun, qayıtdıq. Bilirsiniz, cənab Prezident, o vaxt burada işləyirdim, təsərrüfatda. Kəndimizin əhalisi üzümçülüklə məşğul olurdu. Çox qorxa-qorxa yaşayırdıq. İndi heç kimdən qorxmuram, heç kimdən qorxmuruq.

Prezident İlham Əliyev: İndi bizdən qorxurlar.

Əyyub Əkbərov: Bəli, əlbəttə, indi bizdən qorxurlar. Biz heç kimdən qorxmuruq. Şükürlər olsun, buraya gəlmişik, yaşayacağıq, yaradacağıq. Buranın füsunkar gözəlliyini də qoruyub saxlayacağıq.

Prezident İlham Əliyev: İnşallah.

Əyyub Əkbərov: Mən də indi buradakı icma ilə bir ağsaqqal kimi söhbət etmişəm, buranı daha da gözəlləşdirəcəyik.

Prezident İlham Əliyev: İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev tikiləcək, camaat da köçəcək. Burada yəqin ki, mindən çox insan yaşayacaq. Siz o vaxt burada yaşayanda nə ilə məşğul olurdunuz, heyvandarlıqla?

Əyyub Əkbərov: Təsərrüfatla məşğul idik, üzüm sahələrimiz var idi. Gözəl becərmişdik. O mənfurlar buraya da Xocalıdakı kimi fevral ayında hücum etdilər. Özü də gecə vaxtı. Buradan hamımız piyada Borsunlu kəndinə üz tutduq.

Prezident İlham Əliyev: Borsunlu kəndinə?

Əyyub Əkbərov: Bəli, Borsunlu kəndinə. Üzüm bağlarında budama işlərini qurtarmışdıq, bol məhsul gözləyirdik.

Prezident İlham Əliyev: Əsas üzümçülük idi?

Əyyub Əkbərov: Bəli, əsas üzümçülük idi, hər şey, kartof da əkirdik, gözəl torpaqdır.

Prezident İlham Əliyev: İndi hamısını bərpa etmək lazımdır. Hamısını bərpa edəcəksiniz, üzümü də, kartofu da.

Əyyub Əkbərov: Əlbəttə, edəcəyik, hamısını dövlətin üstünə atmayacağıq ki, dövlət etsin. Gəlmişik, biz də yaradacağıq.

Prezident İlham Əliyev: Burada hər şey var, su var.

Əyyub Əkbərov: Şükürlər olsun.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı üçün, məşğul olmaq üçün şərait yaradılacaq. Hava da ki, kurort havasıdır.

Əyyub Əkbərov: Bəli, burada yaşayanda xəstələnmirdik, cənab Prezident.

Prezident İlham Əliyev: Əlbəttə, burada adam sağalır, xəstələnmir.

Əyyub Əkbərov: Burada biz xəstəlik görmürdük. İndi, şükürlər olsun o füsunkar təbiəti, bu gözəl havası, gəldik, çox xoşbəxtik çox.

Prezident İlham Əliyev: Görün, nə günə salmışdılar ermənilər, bu kəndləri, bu yerləri. Bütün binalar dağılmış vəziyyətdə idi. İşğal dövründə bir daş-daş üstünə qoyulmadı, ancaq talamaq, dağıtmaq, sökmək.

Əyyub Əkbərov: İndi maraqlı bir şey deyim. Qardaşım Almaniyadadır. Oradan danışır, orada onun bir yeməkxanası var. Mənə deyir ki, o küncdə oturan 8 nəfərə bax, ermənilərdir Talışı izləyirlər. Deyirlər ki, o uçuq yerlərə bax, o biz, o da Azərbaycan. Baxın, görürsünüz, özləri də bunu deyirlər.

Prezident İlham Əliyev: Bu, hələ başlanğıcdır.

Əyyub Əkbərov: Biz buyuq, heç kimin torpağında gözümüz yoxdur, bizim yaşayışımız budur. Bizim xalqımız budur. Biz səliqəli xalqıq. Biz oğru xalq deyilik. Heç kimin torpağında gözümüz yoxdur.

Prezident İlham Əliyev: Bəli.

Əyyub Əkbərov: Biz burada əsrlər boyu yaşayacağıq.

Prezident İlham Əliyev: Əbədi, əbədi.

Əyyub Əkbərov: Oğlanlarım, nəvələrim, hər kəs deyir ki, Qarabağ Azərbaycandır. O yazıya baxıram, nəvələrim də gəlib oxuyur, əzbər bilirlər. Uşaq anadan olanda qulağına pıçıldayacağıq ki, Qarabağ Azərbaycandır! Bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Əyyub Əkbərov: Prezidentim bir də gələndə samovar çayına qonaq olacaq.

Prezident İlham Əliyev: Gələcəyəm, əlbəttə, gələcəyəm. Hələ kənd tam tikilsin. Kənd tam tikiləndən sonra mütləq gələcəyəm. 


SON XƏBƏRLƏR

28 Mart 2024