• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

İnsan sağlamlığının keşiyində keçən 70 il - Səyyaf Tağıyevin mənalı ömür yolu

CƏMİYYƏT

02 Iyul 2026 | 15:58

İnsan sağlamlığının keşiyində keçən 70 il - Səyyaf Tağıyevin mənalı ömür yolu

Həkimlik elə bir peşədir ki, burada insanın qazandığı ən böyük mükafat insanların duası, etimadı və minnətdarlığıdır.

Uzun illərdir bu müqəddəs peşəni şərəflə daşıyan, Xaçmaz rayonunun səhiyyə həyatında mühüm xidmətləri ilə seçilən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev bu gün 70 illik yubileyini qeyd edir.

Səyyaf Tağıyevin ömür yolu peşəkarlığın, fədakarlığın və insanlara xidmət prinsipinin bariz nümunəsidir. 2 iyul 1956-cı ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olan Səyyaf Tağıyev ali tibb təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda almış, internaturanı uğurla başa vurduqdan sonra əmək fəaliyyətinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında otorinolarinqoloq kimi başlamışdır. O, onilliklər ərzində müxtəlif vəzifələrdə çalışaraq böyük təcrübə qazanmış, 2012-ci ildən etibarən xəstəxanaya rəhbərlik etmiş, hazırda isə müəssisənin direktoru kimi fəaliyyətini davam etdirir.

Səyyaf Tağıyev üçün həkimlik həyat amalına çevrilmiş müqəddəs bir missiyadır. Onun rəhbərliyi dövründə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir tibbi avadanlıqların tətbiqi və vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Bölgə səhiyyəsinin inkişafına verdiyi töhfələr həm dövlət qurumları, həm də rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir.

S.Tağıyevin fəaliyyəti təkcə səhiyyə sahəsindəki uğurları ilə məhdudlaşmır. O, Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərimizə göstərdiyi xüsusi diqqət və qayğı ilə də seçilən ziyalılardandır. Onun təşəbbüsü və dəstəyi ilə şəhid ailələrinin və müharibə iştirakçılarının tibbi müayinələrinin təşkili, müalicələrinin diqqətdə saxlanılması, onların müraciətlərinə operativ yanaşılması hər zaman prioritet məsələlərdən biri olub. Səyyaf Tağıyev bu müqəddəs amal uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə ehtiram göstərməyi, sağlamlığını Vətən yolunda itirmiş qazilərimizin yanında olmağı yalnız xidməti vəzifə deyil, həm də vətəndaşlıq borcu hesab edir.

Ən böyük dəyəri isə insanların qəlbində qazandığı hörmətdir. Səyyaf müəllim daim sadəliyi, yüksək mədəniyyəti, insanlara həssas münasibəti və qayğıkeşliyi ilə seçilən ziyalılardandır. Xüsusilə şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və mənəvi dəstək onun vətəndaş mövqeyinin, humanist xarakterinin parlaq göstəricisidir. Bu münasibət təkcə vəzifə borcundan deyil, Vətənə və onun qəhrəman övladlarına bəslədiyi dərin ehtiramdan irəli gəlir. Məhz buna görə də Xaçmaz rayonunda şəhid ailələri, qazilər və rayon ictimaiyyəti tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.

Uzun illər ərzində yüzlərlə gənc həkimin yetişməsində, tibbi kollektivin formalaşmasında və peşəkar mühitin inkişafında da Səyyaf Tağıyevin əməyi danılmazdır. Onun rəhbərlik prinsipləri kollektivdə qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq mühitinin möhkəmlənməsinə xidmət edib. Eyni zamanda, xeyirxahlığı, humanist düşüncəsi və insanlara təmənnasız yardım etməsi onu təkcə peşəkar həkim deyil, həm də nümunəvi ziyalı kimi tanıdıb.

70 illik yubiley insan ömrünün sadəcə təqvim göstəricisi deyil, həm də geridə qalan zəngin həyat yoluna verilən qiymətdir. Səyyaf Tağıyevin keçdiyi ömür yolu minlərlə insanın sağlamlığına xidmət edən, xeyirxahlıq, humanizm və vətənpərvərlik dəyərlərini yaşadan şərəfli bir həyat salnaməsidir.

Hörmətli Səyyaf müəllim!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, bundan sonra da zəngin təcrübəniz, yüksək peşəkarlığınız, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz həssas münasibət, insanlara xidmət amalınız Azərbaycan səhiyyəsinə və cəmiyyətimizə dəyər qatmağa davam etsin.

Yubileyiniz mübarək olsun!

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR