• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İran-Ermənistan münasibətləri soyuqlaşır: Tehran İrəvanı seçim qarşısında qoyur

SİYASƏT

27 Mart 2024 | 14:18

İran-Ermənistan münasibətləri soyuqlaşır: Tehran İrəvanı seçim qarşısında qoyur

İranın Rusiyadakı səfiri Kazım Cəlali Ermənistanın əliylə Qərbin Cənubi Qafqaza yerləşməsindən danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, səfir vurğulayıb ki, İran tərəfi həmişə qonşularına regiondan kənar qüvvələrin bölgədə olmasının Tehranın maraqlarına uyğun olmadığını deyib. Onun sözlərinə görə, regional problemləri region ölkələri həll etməlidir:

“Biz əminik ki, regiondankənar qüvvələr ölkələrimiz üçün faydalı ola bilməz”.

Qeyd edək ki, regiondan kənar qüvvələri Cənubi Qafqaza - öz ərazisinə Ermənistan dəvət edib və sərhəddə Aİ missiyasını yerləşdirib. Bu məqam İranı da ciddi narahat etməkdədir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran uzun illərdir Ermənistanla siyasi-hərbi, hətta iqtisadi əməkdaşlığı özü üçün prioritet elan edib.

Ekspert vurğulayıb ki, Tehran rejimi açıqlamalarında Azərbaycan və Ermənistan arasında neytral mövqe tutduğunu iddia etsə də, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini desə də, reallıqda İran strateji siyasətini Ermənistan üzərindən həyata keçirirdi:

"Tehran hökuməti düşünürdü ki, Ermənistanla qarşılıqlı siyasi-iqtisadi və hərbi münasibətlər İranın Cənubi Qafqaz bölgəsində güclü şəkildə mövcudluğuna dəstək verəcək. Ancaq 44 günlük müharibədə Ermənistanın biabırçı şəkildə məğlubiyyəti İranın bölgədə rolunu zəiflətdi. Buna rəğmən, İran Ermənistanla əlaqələri gücləndirdi və proseslərə kobud müdaxilə etməyə başladı. Zəngəzur dəhlizi, Ermənistan sərhədlərinin toxunulmazlığı məsələsində israrla tərəfli mövqeyini sərgilədi. Hətta Ermənistana silah-sursat göndərdi, digər ölkələrdən gələn hərbi texnikanı ermənilərə ötürdü, yanacaq göndərdi. İran rəhbərliyi fərqli kanallarla Ermənistana hərbi ittifaq təklif etdi. Ancaq İranın Ermənistana baxışını dəyişdirən hadisə Qarabağda antiterror əməliyyatında 9 günlük ABŞ-Ermənistan ortaq hərbi təlimləri oldu. Tehran rejimi gördü ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistanı hərtərəfli müdafiə etsə də, İrəvan bölgəyə yad ünsürləri gətirir. Amerika və Fransadan təhlükəsizlik qarantiyası istəyir".

Turab Rzayev: Hələlik İran tərəfi Ermənistan hökumətini dinc üsullarla yola gətirməyə çalışır

Həmsöhbətimizə görə, İran artıq Ermənistanı seçim qarşısında qoyur və açıq bəyan edir ki, Ermənistanın Qərbyönlü addımları Tehranın strateji maraqlarına uyğun deyil:

"Ermənistanın bu yöndə fəaliyyəti İranın sərhədlərini təhdid edir, təhlükəsizliyinə risk yaradır. Həmçinin, Ermənistanda son dönəmlər anti-İran kampaniyasının da şahidi olduq. Görünür, ABŞ və Avropa ölkələri İrəvan hökumətinə təzyiq göstəriblər ki, İranla münasibətləri soyuqlaşdırsın. Buna görə də Tehranın İrəvana baxışında dəyişiklik və narahatlıq yarandı. Artıq İran hər fürsətdə vurğulayır ki, bölgədə kənar gücləri görmək istəmir”.

Onun sözlərinə görə, hələlik İran tərəfi Ermənistan hökumətini dinc üsullarla yola gətirməyə çalışır:

“İranın Rusiyadakı səfirinin dilindən səslənən fikirlər də ciddidir. Bu, həm də göstərir ki, İrəvana Rusiya və İranın birgə təzyiqləri davam edəcək. Ermənistanın iki region ölkəsinə müqavimət göstərmək şansı çox aşağıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024