Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranın cavab zərbələri və ardınca ABŞ-nin nüvə obyektlərinə hücumu regionu faktiki olaraq müharibə astanasına gətirib.
Bunun fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur “İsrailin hər yeni hücumuna cavab verməyə hazırıq” bəyanatı ilə çıxış edib. Bu açıqlamanın arxasında hansı mesajlar dayanır? Yaxın gələcəkdə yeni İsrail–İran savaşı mümkündürmü?
Mövzu ilə baölı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva hesab edir ki, bu açıqlama sırf emosional bəyanat deyil. Onun sözlərinə görə, burada həm də SEPAH-ın hərbi-siyasi mesajı var:
"Bu, bir tərəfdən İsrail və ABŞ-a xəbərdarlıqdır, digər tərəfdən də region dövlətlərinə “biz hələ də müharibə ssenarisinə hazırıq” mesajıdır. Yəni söhbət təkcə hazırkı vəziyyətdən yox, mümkün gələcək eskalasiyadan gedir".
Müsahibimiz qeyd edib ki, İsrailin əməliyyatlarından sonra vəziyyətin gərgin qalması gözlənilən idi. Dediyinə görə, çünki İsrail 12 günlük qarşıdurmadan sonra dayanmaq niyyətində deyil:
"HƏMAS-la müharibənin ardınca yeni risklər ortaya çıxdı. Netanyahu hökuməti üçün daxildə də ciddi təzyiqlər var. Hakimiyyət demək olar ki, müharibə siyasətindən asılı vəziyyətə düşüb. İsrail dayandığı anda həm daxili siyasi böhran, həm də beynəlxalq təzyiqlərlə üzləşə bilər".
Ərəb dünyasının mövqeyinin bu proseslərə tısitinə gəlincə, politoloq bildirib ki, Ərəb ölkələrinin İsrailə qarşı sərt mövqeyi təsadüfi deyil. Livan, Yəmən kimi dövlətlərdən hələ də raket hücumlarının olması göstərir ki, münaqişə təkcə İsrail–İran məsələsi deyil, daha geniş Yaxın Şərq qarşıdurmasının tərkib hissəsidir. Ərəb dünyasının bu aqressiyasının arxasında başqa güclərin də maraqları dayanır. Bu da vəziyyəti daha mürəkkəb edir.
Züriyə Qarayeva: Münaqişə təkcə İsrail-İran məsələsi deyil, daha geniş Yaxın Şərq qarşıdurmasının tərkib hissəsidir
"Yeni İran–İsrail savaşı mümkündürmü" sualını cavablandıran Z.Qarayeva təəssüflə bildirib ki, bunu istisna etmək olmaz. Onun sözlərinə görə, hər iki tərəf əslində genişmiqyaslı müharibədə maraqlı deyil, amma hadisələrin gedişi onları buna məcbur edə bilər. SEPAH komandanının dedikləri də göstərir ki, Tehran ehtimal olunan növbəti qarşıdurmaya psixoloji və hərbi baxımdan hazırlaşır.
Politoloq qeyd edib ki, İran üçün bu, həm də nüfuz və hakimiyyət məsələsidir.
"12 günlük savaşda çoxsaylı general itkisinin qisası məsələsi gündəmdədir. Əgər Tehran geri addım atsa, bu, hakimiyyətin zəifləməsi kimi qəbul edilə bilər. Ona görə də İran siyasi sisteminin davamlılığı üçün sərt cavab vermək məcburiyyətində qala bilər"Ş - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov