İran prezidenti Məsud Pezeşkian çərşənbə günü BMT-nin Nyu-Yorkda keçirilən illik sammitində çıxış edib.
Bakıvaxtı.az “leFigaro.fr”ə istinadən xəbər verir ki, O, ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini bəyan edib:
"Mən burada, bu Assambleya qarşısında bir daha bəyan edirəm ki, İran heç vaxt atom bombası yaratmağa cəhd etməyib və etməyəcək. Biz nüvə silahı istəmirik".
İran prezidenti Təhlükəsizlik Şurasının qərarını "qanunsuz" adlandıraraq, bildirib ki, avropalılar İranın səylərini qeyri-kafi hesab edərək aşağıladılar və bununla da xoş niyyəti kənara qoydular.
Qeyd edək ki, bu məsələ İran hökumətinin atom bombası əldə etmək istəməsində şübhəli olan ABŞ başda olmaqla Qərb dövlətləri və İsraillə Tehranın münasibətlərini illərdir zəhərləyib. İran bunu qəti şəkildə inkar edir və mülki nüvə enerjisinə malik olmaq hüququnu müdafiə edir. Avropalılar sanksiyaların aradan qaldırılması müddətinin uzadılması üçün üç şərt qoyurlar: ABŞ-ın iştirak etdiyi danışıqların bərpası, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin nüvə obyektlərinə tam girişi və zənginləşdirilmiş materialların yeri barədə dəqiq məlumat. Amerikalılar, öz növbəsində, yazda Oman vasitəsilə danışıqlara başlamışdılar. Lakin İsrail və Amerikanın İranın nüvə obyektlərinə hücumları bu danışıqları dayandırdı. 2015-ci ildə Fransa, Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya və Çin Tehranla sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətləri üçün çərçivə nəzərdə tutan JCPOA adlı saziş bağladılar. Saziş BMT Təhlükəsizlik Şurasının oktyabrın ortalarında başa çatacaq 2231 saylı qətnaməsi ilə ratifikasiya edilib. ABŞ, Prezident Donald Trampın ilk müddətində 2018-ci ildə JCPOA-dan çıxmaq və öz sanksiyalarını bərpa etmək qərarına gəlib. Bundan sonra İran, xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı müəyyən öhdəliklərdən geri çəkilib.
Aydın Baxış