“Azərbaycanın müstəqillikdən bu yana cənub qonşusu İranla münasibətlərinin xüsusi yeri olub. Bakı Tehranla münasibətlərə hər zaman həssas yanaşmağa çalışıb”.
Bunu Bakıvaxtı.az-a ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında gərginlik daha çox qarşı tərəfdən qaynaqlanıb:
“Son zamanlar görünən odur ki, İranla Azərbaycan arasında rəsmi səviyyədə kifayət qədər intensiv və hamıya məlum olan bir dialoq var. Bakı həqiqətən istəməz ki, cənub qonşuluğunda hansısa xaotik durum yaransın. Yəni Suriya və İraq variantı olsun. Amma biz onu da düşünməliyik ki, İrandakı rejim bu yükü çəkə bilmir, iqtisadi baxımdan problemləri həll etmək iqtidarında deyil”.
Müsahibimiz qeyd edib ki, İranın büdcəsi eyni əhaliyə sahib qardaş Türkiyənin büdcəsindən 9 dəfə azdır. İran hökuməti daxildəki iqtisadi problemləri aradan qaldıra bilməyəcəksə və sanksiyalara məruz qalmağa davam edəcəksə, deməli İranda hansısa dəyişiklik qaçılmaz olacaq.

Natiq Cəfərli: İran hökuməti daxildəki iqtisadi problemləri aradan qaldıra bilməyəcəksə və...
N.Cəfərlinin dediyinə görə, Azərbaycan normal münasibətləri saxlamaqla, Tehranla əlaqələrə xələl gətirmədən, dəyişikliklərə hazırlıqla bağlı da öz addımlarını nəzərdən keçirməlidir:
“Yenə deyirəm, yük o qədər ağırdır ki, İrandakı hökumət bu yükü daşıya bilmir. Başqa problemlər də ortaya çıxacaq. Məsələn, İranda yaxın zamanda su problemi ciddi şəkildə özünü göstərəcək. Azərbaycan bunu da nəzərə almalıdır. Yəni istənilən halda İran dəyişib və bunun rəsmiləşməsi baş verəcək. Çünki proseslər idarəolunmaz hal ala bilər. Lakin indiki halda Azərbaycanın rəsmi mövqeyi təqdirəlayiqdir”.
Aydın Baxış
Bakı 




