Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam prosesi təxirə salınıb. Təbii ki, bu qərar Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Bəs edamın təxirə salınması İran-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, bütün dünyada terrorun dəstəkçisi kimi tanınan, bu ağır cinayət əməlini həm ölkə daxilində, həm də xaricdə öz maraqlarının təmin edilməsi, təzyiq və təhdid aləti kimi qoruyub saxlayan bir məzhəbçi siyasi rejimin terrorçunu himayə etməsindən təbii heç nə yoxdur:
"Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir. Onu İslamın müqəddəs dəyərlərinin təhrif edilməsi üzərində formalaşan, bölücü saxta ideologiya, cəhalət və xurafat, total zombiləşdirmə siyasəti üzərində formalaşan, türk və müsəlman dünyasına qənim kəsilən, bölgədə xarici maraqların ifadəçi, təfriqə üçün formalaşdırılan rejim “dünyaya gətirib”. Yasin Hüseynzadə haqqında çıxarılmış hökmün gerçəkləşməməsi sübuta yetirib ki, rejimin “doğduğu” yüzlərlə təpəgözdən biri olan Yasin, sadəcə icraçıdır”.
Müsahibimizin sözlərinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyində gerçəkləşdirilən terror aksiyası ilə bağlı bütün görüntülər sübuta yetirir ki, onun öz cinayətkar əməlini gerçəkləşdirilməsi üçün İranın təhlükəsizlik təsisatları tərəfindən bütün imkanlar yaradılıb. Diplomatlara qarşı teror aksiyası həyata keçirilən qatı cinayətkardan müsahibə götürülməsi və bu müsahibənin İranın dövlət kanalında nümayişi, bütövlükdə bəşər tarixində görünməmiş hadisədir.
E.Mirzəbəyli bildirib ki, Y.Hüseynzadənin həbsxanada olmaması ilə bağlı məlumatların həqiqiliyinə şübhə etmək üçün də heç bir əsas yoxdur. İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH belə “metod”lardan əvvəllər də həm ölkə daxilində, həm də xaricində geninə-boluna istifadə edib. Onun sözlərinə görə, SEPAH hələ 1996-cı ildə “Mize-təhrir Azərbaycan” adlı xüsusi cəsus qrupu yaradıb. Rejim “Şaziman-i-İttilat” və SEPAH-ın zabitləri arasından xeyli sayda insan seçərək onlara Azərbaycan dili, mədəniyyəti, coğrafiyası ilə bağlı təlimlər keçib.
Elçin Mirzəbəyli: İran rejiminin mövcud obrazlarından biri Yasin Hüseynzadədir
"Sözügedən şəxslər din, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, hərbi və mülki idarəçilik sahəsində fəaliyyət göstərmək üçün ixtisaslaşıblar. Sonra bu şəxslərin bir hissəsi Azərbaycana göndərilib. Onlar verilən təlimatlara uyğun olaraq, vətəndaşlıq almaq üçün azərbaycanlı qadınlarla ailə həyatı qurublar. Vətəndaşlıq alanların bir qismi müxtəlif bölgələrdə biznes fəaliyyəti ilə məşğul olub, daha “fərasətliləri” isə mülki və hərbi diplomatiya, siyasət, incəsənət, QHT, media, din və digər sahələrə nüfuz ediblər",- deyə ekspert bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, araşdırmalar nəticəsində Azərbaycan səfirliyində qanlı terror aksiyasını törədən Yasin Hüseynzadə həmin cəsus şəbəkəsinin üzvü olub və onun qardaşı, Urmiyədə kitab ticarəti ilə məşğul olan Rəhman Hüseynzadənin də SEPAH-ın xüsusi missiyasını həyata keçirdiyi bəlli olub:
"Təbii ki, bu missiyaya azərbaycanlı şairlərin əsərlərinin İranda nəşr edilməsi adı altında onların ələ alınmaları da daxildir. Rəhman Hüseynzadə Təbriz, Urmiyə, Zəncan və digər şəhərlərdə, guya Azərbaycan ədəbiyyatının təbliğatı ilə məşğul olan, əslində isə SEPAH-ın kəşfiyyat planlarını icra edən qrupun əsas əlaqələndiricilərindən biridir. Bu baxımdan, İranın məshəbçi-siyasi sisteminin Yasin Hüseynzadəni qorumasında, himayə etməsində təəccüblü heç nə yoxdur. Düşünürəm ki, terrorçunu himayə etməklə Azərbaycana “göz dağı” verməyə çalışan İran, az qala hər gün dünyanın gözü qarşısında rüsvay olduğuna diqqət çəksə, daha yaxşı olar. Məsələn, SEPAH-ın İranın Livandakı səfiri də daxil olmaqla ən azı 2750 “Hizbullah” terrorçusuna, onlarınm təhlükəsiz rabitəsini təmin etmək üçün payladığı telefonların bir anın içərisində partlaması və nəticədə sözügedən telefonlardan istifadə edənlərin ağır xəsarət almaları, onlarla Hizbullah üzvünün ölməsi və ağır yaralanması, Tehranın, hətta “dünyaya gətirdiyi” terrorçuları belə sonunadək himayə etmək gücündə olmadığını sübuta yetirir. Yasin Hüseynzadənin də aqibətinin digər terrorçulardan fərqlənməyəcəyini düşünürəm",- siyasi şərhçi fikrini yekunlaşdırıb.
Əli Hüseynov