• Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İranda etirazlar ara vermir: Aksiyaların taleyini xarici müdaxilə dəyişə bilər

SİYASƏT

12 Yanvar 2026 | 11:39

İranda etirazlar ara vermir: Aksiyaların taleyini xarici müdaxilə dəyişə bilər

“İranla görüşə hazırlıq görülür”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Air Force One təyyarəsində jurnalistlərə bildirib.

O qeyd edib ki, İran rejimi hərbi əməliyyat təhdidlərindən sonra danışıqlara hazırdır:

“İran liderləri zəng ediblər, görüş planlaşdırılır. Lakin ABŞ görüşdən əvvəl hərəkətə keçməli ola bilər".

Maraqlıdır, İran daxilində narazılıqlar böyüyərsə, Tehranın regional siyasəti dəyişə bilərmi? ABŞ-İran xəttində gərginlik genişmiqyaslı qarşıdurmaya çevrilmək riskini daşıyırmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy bildirib ki, İranda baş verən proseslər haqlı səbəblərdən doğsa da, burada bu və ya digər formada aparıcı dövlətlərin də rolu danılmazdır. Onun sözlərinə görə, İran məsələsi onlar üçün son dərəcə strateji əhəmiyyət daşıyır:

“Nəzərə alsaq ki, söhbət qaz və neft ehtiyatlarına görə dünyanın ilk beşliyində olan bir ölkədən gedir, bu maraqlar daha da aydın görünür. Bütün bunlara baxmayaraq, öz rəqibləri ilə müqayisədə böyük fərqlə uduzan İran bu məsələdə şübhəsiz ki, öz əhalisinin də qınaq obyektinə çevrilib. Bu kontekstdə əsas suallardan biri də İranda baş verən proseslərə Trampın mövqeyinin necə olacağıdır. Hesab edirəm ki, artıq düyməyə basılıb və İranda gedən proseslərdə nüvə məsələsi daha çox qabardılsa da, əslində bugünkü rejim ABŞ-nin istədiyi bir rejim deyil. Üstəlik, bu prosesin əsası yalnız bu gün qoyulmayıb”.

Rusif Məmmədsoy: Əsas suallardan biri də İrandakı proseslərə Trampın mövqeyinin necə olacağıdır

Müsahibimizin fikrincə, prosesin təməli hələ Suriyada baş verən hadisələrdən, ümumiyyətlə isə İrana bağlı proksi qüvvələrin tədricən, ard-arda sıradan çıxarılmasından başlayıb:

“”Şiə Hilalı” adı altında formalaşdırılan müqavimət xəttinin zəiflədilməsi nəticə etibarilə proseslərin birbaşa İranın özünə yönəlməsinə gətirib çıxardı. Bu baxımdan müəyyən görüşlərin keçirilməsi real ola bilər. Lakin ABŞ başda olmaqla bu ssenarinin müəlliflərinin bugünkü rejimlə yoluna davam edəcəyini zənn etmirəm. İndidən demək çətindir ki, bu rejim gedəcək, yoxsa yox. Çünki İranda zaman-zaman bu cür hadisələr baş verib. Üç ildən-eş ildən bir etiraz aksiyaları olub, hətta qanlı şəkildə sona çatıb. Ancaq nəticə etibarilə məqsədə çatılıbmı? Xeyr. İndi isə sual budur: bu dəfə fərqli olacaqmı?”

Analitik  etirazların taleyində əsas dəyişdirici amilin xarici müdaxilə ola biləcəyini düşünür:

“Ancaq burada ABŞ çox ehtiyatlı davranır. Çünki İranda xarici müdaxilə olduğu təqdirdə, bu, yalnız İrana deyil, ümumiyyətlə, üçüncü ölkələrə də xas bir reaksiyanı doğura bilər. Belə hallarda daxili problemlər arxa plana keçir və xarici təhdidə qarşı milli birlik formalaşır”.

“Məhz bu səbəbdən düşünürəm ki, ABŞ və İsrail hərəkətlərində xüsusi təmkin göstərir. Əks halda, tamamilə fərqli bir mövqe də tuta bilərdilər”, - deyə Rusif Məmmədsoy əlavə edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR

11 Yanvar 2026