Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mətbuata verdiyi bəyanatlar sadəcə rəsmi protokol çıxışları deyil, region üçün yeni siyasi reallığın anonsu kimi oxunmalıdır.
Altı ay ərzində hazırlanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması göstərir ki, Bakı ilə Vaşinqton münasibətləri taktiki əməkdaşlıq mərhələsindən çıxaraq institusional və uzunmüddətli tərəfdaşlıq səviyyəsinə yüksəlir. Burada əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan bu tərəfdaşlıqda passiv regional oyunçu deyil, sülh, enerji təhlükəsizliyi və bağlantılar sahəsində təşəbbüs göstərən mərkəzi aktor kimi təqdim olunur. Prezident İlham Əliyevin çıxışında vurğulanan sülhün altı aydır real şəkildə yaşanması fikri artıq Qarabağ sonrası dövrün siyasi ritorikasından çıxıb, praktik regional gündəmin əsas xəttinə çevrildiyini göstərir.
ABŞ tərəfinin ritorikası isə diqqətəlayiq dərəcədə açıq və emosionaldır. Vitse-prezident Vensin Azərbaycanın Əfqanıstandakı rolunu, terrorla mübarizədə verdiyi töhfəni xüsusi vurğulaması Vaşinqtonun Bakıya təhlükəsizlik tərəfdaşı kimi baxdığını təsdiqləyir. Bu, eyni zamanda uzun illər ABŞ siyasi diskursunda kölgədə qalan Azərbaycan faktorunun yenidən ön plana çəkildiyini göstərir. Vensin sülh sazişinin mümkünlüyündə prezident Əliyevin liderliyini açıq şəkildə etiraf etməsi isə regional proseslərdə Bakının əsas söz sahibi kimi qəbul edildiyini nümayiş etdirir. Burada söhbət təkcə Ermənistanla münasibətlərin normallaşmasından deyil, bütövlükdə Cənubi Qafqazda müharibə məntiqindən ticarət və əməkdaşlıq məntiqinə keçiddən gedir.
Xüsusi diqqət TRIPP layihəsinə yönəlməlidir. Bu dəhliz təkcə nəqliyyat və logistika layihəsi deyil, yeni regional nizamın iqtisadi dayağı kimi təqdim olunur. Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Asiya ilə Avropanı bağlayan bu marşrut regionu geosiyasi risk zonasından iqtisadi cazibə mərkəzinə çevirmə potensialına malikdir. ABŞ-nin bu layihəyə açıq siyasi dəstək verməsi göstərir ki, Vaşinqton Cənubi Qafqazı artıq yalnız təhlükəsizlik problemi kimi deyil, qlobal ticarət və enerji zəncirinin vacib halqası kimi görür. Bu yanaşma eyni zamanda Rusiyanın və digər regional güclərin təsir balansını dəyişdirə biləcək yeni reallıqlar yaradır.
Bütövlükdə, Bakıdakı bu görüş ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açıldığını göstərir. Burada səmimi komplimentlər və yumor dolu ifadələr arxa planda qalsa da, əsas mesaj aydındır: Azərbaycan artıq sülh yaradan, enerji təmin edən və regional bağlantıları formalaşdıran aktor kimi qəbul olunur. ABŞ isə bu rolu tanımaqla yanaşı, onu öz qlobal strategiyasının bir hissəsinə çevirmək niyyətini gizlətmir. Bu, həm Azərbaycan üçün beynəlxalq mövqelərin möhkəmlənməsi, həm də region üçün daha sabit və proqnozlaşdırıla bilən gələcək vədi deməkdir.
Züriyə Qarayeva
Bakı 




