• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İranda ideoloji boşluq: 80 bölgədə etiraz, bir mərkəz yox

SİYASƏT

09 Yanvar 2026 | 14:10

İranda ideoloji boşluq: 80 bölgədə etiraz, bir mərkəz yox

“Kütləvi hərəkatlarda, kütlə psixologiyasında hadisələrin dəqiq proqnozlaşdırılması çətindir”.

Bunu İranda baş verək etiraz aksiyalarıı Bakıvaxtı.az-a şərh edən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu deyib.

Onun sözlərinə görə, bu qədər ciddi sosial-iqtisadi problemlərin üst-üstə yığılması, üstəlik rejimdən narazılığın artması, rejimin “din” adı altında varlanma yoluna getməsi sosial etirazların dalğasını genişləndirir:

“İranda 80-ə yaxın bölgədə etirazlar yayılıb. Amma bir problem var. Mərkəzi bir nöqtə yoxdur. Yəni etirazları mərkəzləşdirəcək güc, lider yoxdur, ideoloji boşluq var. Hər bir həkətatın ideoloji cazibəsi olmalıdır. İranda 1970-ci illərin sonlarında ortaya çıxmış “İslam inqilabı”nın da ideoloji cazibəsi var idi”.

Telman Nüsrətoğlu: Rejim ənənəvi formada daha sərt metodlarla etirazları basdırır

Müsahibimiz qeyd edib ki, hazırda şah tərəfdarları ölkədə Rza Pəhləvini önə çıxartmağa çalışırlar. Amma bunun xalq tərəfindən dayağı, dəstəklənmə ehtimalı çox zəifdir. Belə halda, yəni kütləvi proseslər özünün pik nöqtəsinə çatdığı zaman xarici müdaxilə ehtimalı mümkündür.

T.Nüsrətoğlu bəyan edib ki, əgər rejim içərisində xaricə meyilli qüvvələr varsa, danışıqlar yolu ilə təhlükəsizlik qüvvələrini xalqın tərəfinə keçirə bilərlər:

“Bu da hakimiyyət böhranının dərinləşməsinə yol açar və İranda xaotik proses başlayar. Ehtimal edilir ki, kütləvi etirazlar fonunda rejim daxilində hansısa qruplaşma hakimiyyəti ələ keçirməyə çalışa bilər. Rejim ənənəvi formada daha sərt metodlarla etirazları basdırır. Ancaq rejimin bu siyasəti uzun müddət sürdürməsi qeyri-mümkündür. İranın dəyişiklik və yeni transformasiya prosesinə start verməsi qaçılmazdır”.

Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları davam edir. Tehranda yarım milyonadək etirazçı küçələrə çıxıb, paytaxtda atışma səsləri eşidilir, ölkə üzrə isə minlərlə saxlanılan var. Aksiyalar respublikanın 31 vilayətinin ən azı 340 yaşayış məntəqəsində keçirilir. Ölkə üzrə saxlanılanların sayı 2000-i ötüb. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınıb, mülki şəxslərə qarşı döyüş sursatı və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

İlkin məlumatlara görə, hadisələr nəticəsində 46 nəfər ölüb. Ölənlər arasında dörd azyaşlı və iki polis əməkdaşı var.

Aydın Baxış


SON XƏBƏRLƏR

09 Yanvar 2026