İran hakimiyyəti islahatçı koalisiyanın əsas rəhbəri sayılan şəxs də daxil olmaqla üç siyasi xadimi həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Azər Mansuri, İbrahim Əsgərzadə və Möhsün Əminzadə həbs ediliblər. Onlar "milli birliyi pozmaqda", "düşmən təbliğatı ilə əlaqələrdə" və "gizli təxribat mexanizmləri yaratmaqda" ittiham olunurlar.
Məhkəmə sisteminə yaxınlığı ilə tanınan “Mizan Online” xəbər agentliyi isə bazar günü ad çəkmədən bir neçə həbs barədə məlumat verib. Məlumatda bildirilib: "Bu həbslər sionist rejimi (İsrail) və ABŞ-ni dəstəkləyən müəyyən mühüm siyasi fiqurların fəaliyyətləri ilə bağlı araşdırmanın yekunundan sonra baş verib".
60 yaşlı Azər Mansuri 2023-cü ildən bəri əsas islahatçı koalisiya olan İslahat Cəbhəsinin rəhbəridir. O, keçmiş islahatçı prezident Məhəmməd Xatəminin müşaviri olub. Dekabr ayında İranda iqtisadi böhran səbəbindən başlayan etirazlardan sonra o, narazı kütləni dəstəkləyib. A.Mansuri instaqram hesabında nümayişlər zamanı minlərlə insanın ölümünə toxunaraq yazıb: “Eşidilmək üçün bütün yollar bağlandıqda, etirazlar küçələrə keçir. Repressiya etirazçılarla mübarizənin ən pis yoludur. Bu böyük fəlakət üçün heç bir əsaslandırma yoxdur”.
Xatırladaq ki, A.Mansuri 2009-cu il prezident seçkilərindən sonra baş verən etirazlar zamanı da həbs olunmuşdu. O, daha sonra digər ittihamlarla yanaşı, "ictimai asayişi pozmaqla toplaşmaq", "dövlət əleyhinə təbliğat aparmaq", "yalanlar yaymaq" və "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq" ittihamları ilə üç il həbs cəzasına məhkum edilib. Brahim Əsgərzadə Parlamentin keçmiş üzvü, Möhsün Əminzadə isə Xarici İşlər Nazirliyinin keçmiş rəsmisidir.
Aydın Baxış
Bakı 




