İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur pop müğənnisi Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib.
Qeyd edək ki, “Tataloo” açıq fikirlərinə görə tanınıb və İran gəncləri arasında populyarlaşıb.
O, daha əvvəl 2017-ci il seçki kampaniyası zamanı Prezident İbrahim Rəisini dəstəkləyib. Həmçinin Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın nüvə proqramına dəstəyini açıq şəkildə ifadə edib, hətta “Nüvə enerjisi” adlı mahnı da ifa edib.
Siyasi fəaliyyətinə baxmayaraq, “Tataloo”nun xarici görünüşü və davranışı bəzi mühafizəkar qrupların tənqidinə səbəb olub. Nəticədə müğənni İranı tərk edərək Türkiyəyə köçüb.
Dörd il əvvəl o, Türkiyə polisi tərəfindən saxlanılaraq yenidən İrana göndərilib və orada həbs edilib. 37 yaşlı sənətçi əvvəlcə 5 il müddətinə azadlıqdan məhrum edilsə də, prokuror apellyasiya şikayəti verib. Nəticədə iş yenidən açılıb.
İran qanunlarına görə, “Tataloo”nun hökmdən apellyasiya şikayəti vermək hüququ var.