İrandakı Azərbaycan səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib.
Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, tədbirdə 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda törətdiyi soyqırımın qurbanları anılıb. Tədbir iştirakçıları səfirlik binasında Xocalı qırğını ilə bağlı fotoşəkillərin nümayiş olunduğu sərgini ziyarət etmək imkanı əldə ediblər.
Anım tədbirində Tehrandakı Azərbaycan səfirliyinin müşaviri Mətin Mirzə Xocalı faciəsinin tarixindən danışıb.
Onun sözlərinə görə, "erməni şovinistləri" tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı insanlığa qarşı cinayətdir:
"38 il əvvəl Dağlıq Qarabağda başlayan hadisələr 1990-cı illərdə erməni ideoloqlarının "Dənizdən dənizə Ermənistan" adlı xəyalını canlandırmaq ideyası ilə Azərbaycan xalqına qarşı açıq hücuma çevrildi".
M.Mirzə qırğından əvvəl Xocalı bölgəsində 7000-dən çox insanın yaşadığını və qırğında 106 qadın və 63 uşaq da daxil olmaqla 613 Azərbaycan vətəndaşının həyatını itirdiyini xatırladıb.
Mətin Mirzə onu da xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xocalıda üçrəngli Azərbaycan bayrağını qaldırıb.
Bakı 






