İran Avropa ölkələrinin İsrailə cavab verməməsini xahiş etməsinə reaksiya verib.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İngiltərə, Almaniya və Fransanın İranın İsrailə cavab verməməsin" tələb edən birgə bəyanatına sərt reaksiya verib.
İran rəsmisi 3 Avropa ölkəsinin dərc etdiyi birgə bəyanatı "təkəbbürlü cəhd" kimi qiymətləndirib.
İsrailin Qəzzada törətdiyi bəşəriyyətə qarşı cinayətlərə diqqət çəkən Kənani bildirib ki, İran öz milli təhlükəsizliyini müdafiə etməkdə qərarlıdır:
"Almaniya, Fransa və İngiltərə başda olmaqla, Qərb ölkələri İsrailin müharibə cinayətlərini və xalqa qarşı soyqırımını dayandırmaq üçün təsirli səy göstərməlidirlər. Sözügedən üç ölkənin İranı tanınmış hüquqlarını həyata keçirməkdən vaz keçməyə çağırması beynəlxalq siyasətə və qanunlara uyğun deyil. Bu cür yanaşmalar İsraili həvəsləndirməkdən başqa bir məqsədə xidmət etmir".
Kənaninin sözlərinə görə, İngiltərə, Almaniya və Fransa həqiqətən də regionda sülh və sabitlik axtarırlarsa, İsraildəki ayrı-seçkilikçi və irqçi rejim mütləq dayanmalıdır. Qəzzaya qarşı müharibə, qadın və uşaqların dəhşətli qətlləri dərhal dayandırılmalıdır.
Qeyd edək ki, İngiltərə, Fransa, Almaniya, ABŞ və İtaliyanın verdiyi bəyanatda İsrailin İrana qarşı müdafiəsinə hər cür dəstəyin davam edəcəyi bildirilib və İranın İsrailə qarşı hərbi hücum təhdidlərinə son qoyulmasına çağırılıb.
Gülşən Şərif