“Zəngəzur dəhlizinin reallaşması məsələsini Rusiya son aylarda canlandırmaq istəyir, amma bu koridorun məkan olaraq geosiyasi şüura təsirləri Moskva üçün həm əməkdaşlıq modeli, həm də müqavimət yaradır”.
Bu barədə Bakıvaxtı.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov son günlər Zəngəzur dəhlizi uğrunda başlanan geopolitik mübarizədən danışarkən bildirib.
Onun sözlərinə görə, İran Zəngəzur zonasını özünün geosiyasi və ideoloji çərçivəsində görür və bilir ki, bu dəhlizin açılması Tehranın müqavimət oxu yaratmaq ideallarına qarşı ideoloji zərbə vuracaq:
“Əsasən də, Zəngəzur dəhlizinin türk dövlətləri birliyinin təmini kontekstindəki əhəmiyyəti İranın geniş regional ideoloji bucaqlarının dərəcələrini azaldır. Bu baxımdan, İranın yanaşması Tehranın geosiyasi mülahizələrini və aksentlərini gücləndirsə də, pəncərənin digər tərəfində ideoloji narahatlıqlar dayanır”.
Ekspert qeyd edib ki, ancaq ortada İranın da iddialı gündəmini aşan daha nəhəng maraqlar var, misal üçün, Rusiya ilə yanaşı, Azərbaycanın strateji müttəfiqi Türkiyə, NATO, Çin də Zəngəzur dəhlizinin perspektivinə dəstək verir. Bununla belə, məntiq fərqliliyi rəqiblərin bir-birlərinə qarşı mübarizədə geosiyasi təsirlərini cilovlamaq məqsədlərini elan edir:
“Misal üçün, Rusiya və ABŞ Zəngəzur dəhlizini Cənubi Qafqazda biri digərinə qarşı kart kimi istifadə edir. Alternativ qlobal güc olan Çin isə ümumiyyətlə fərqli bir məntiq irəli sürür, dəhlizin parametrlərini özünün yeni şəkil alan geosiyasi konsepsiyasına inteqrasiya edir. Beləliklə, Zəngəzur dəhlizi Cənubi Qafqazda böyük güclərin rəqabətini stimullaşdıran bir səhnə olmaqla yanaşı, həm də regionda ambisiyaların ram edilməsi prosesini başladır”.
A.Kərimov hesab edir ki, böyük oyunçuların Zəngəzur dəhlizini həll etmək məqsədləri İranın daha sərt mövqeyinin işıqlanmasına gətirib çıxarır.
Onun sözlərinə görə, Tehran düşünür ki, dəhlizdə uduzmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada güc balansını və əlaqələrini itirəcək, hərçənd, bu yanaşma məntiq cəhətdən əsaslandırılmış forma ala bilmir. İran geosiyasi imkanları baxımından Zəngəzur dəhlizinin açılmamasını özünün xeyrinə strateji döngə kimi qəbul etsə də, Tehranın müqavimətinin davamlı olacağı şübhəli görünür. Çünki Zəngəzur dəhlizi potensial olaraq qlobal və regional ölçülərdə daha böyük alternativlər təqdim edir.
Aqşin Kərimov: Tehran düşünür ki, dəhlizdə uduzmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada güc balansını itirəcək
“İranın təkbaşına buna qarşı müqavimət göstərə bilmək imkanları yoxdur, belə olan təqdirdə, bir məsələ gündəliyə gəlir. Görəsən İran Zəngəzur dəhlizinə yanaşmasını redaktə etsə, bunun müqabilində hansı regional güzəştlər qoparacaq?
İranın xarici siyasət kodeksləri üzrə geosiyasi hesablama aparılsa, demək mümkündür ki, Tehran dəhlizə razı olsa, bunun qarşılığında Suriya, İraq cəbhələrində kompromislər əldə etmək siyasətini danışıqlar masasına qoyacaq”. - deyə Aqşin Kərimov fikirlərini yekunlaşdırıb.
Aydın Baxış