“İran heç bir zaman Azərbaycanla səmimi, dost münasibət saxlamayıb”.
Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
Deputat deyib ki, Tehran fürsət tapdıqca, məqam yetişdikcə Azərbaycana qarşı riyakarlığını, düşmən davranışını ortaya qoyub:
“Naxçıvana dron hücumları da bu siyasətin təzahürüdür. İranın xain hücumu qəbuledilməzdir və Tehran buna görə mütləq cavab verməlidir. İranın Naxçıvana hücumu təsadüfi hadisə deyil və planlı şəkildə həyata keçirilib”.
Onun sözlərinə görə, qardaş Türkiyə və Azərbaycanın Tehranın hədəfinə çevrilməsi deməyə əsas verir ki, İran müharibənin miqyasını və əhatə dairəsini genişləndirməkdə maraqlıdır:
“Əslində Azərbaycan və Türkiyə öz ərazilərindən İrana qarşı hərbi əməliyyatların keçirilməsinə heç zaman şərait yaratmayıb. Buna baxmayaraq, İranın xəyanətkar hücumu açıq-aşkar iki qardaş ölkəni də savaşa sürükləmək cəhdidir".

Nəsib Məhəməliyev: İranın xain hücumu qəbuledilməzdir və Tehran mütləq cavab verməlidir
Məhəməliyev əlavə edib ki, İranın hərəkəti eyni zamanda nankorluqdur:
“Azərbaycan uzun illərdir bəyan edib ki, ərazilərindən heç bir ölkəyə, o cümlədən İrana qarşı istifadə edilə bilməz. Bu sıradan bəyanat deyil və ən yüksək ali rəhbərliyi tərəfindən beynəlxalq aləmə çatdırılıb”.
“Mövqeyimiz bu gün də dəyişməz qalır. Üstəlik, Azərbaycan Prezidenti İranın ölkəmizdəki səfirliyini ziyarət edərək ali dini liderinin vəfatı ilə bağlı başsağlığı verdi, narahatlığını dilə gətirdi. Buna rəğmən, İranın Azərbaycana qarşı atdığı addımı yalnız nankorluq kimi qiymətləndirmək olar", - deyə Nəsib Məhəməliyev əlavə edib.
Aydın Baxış
Bakı 




