İranın ölkəmizə qarşı qərəzli mövqeyi davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu dəfə İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizindən danışıb. O, ölkəsinin Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını aldığını bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi ilə birləşdirməyə cəhd edəndə - mahiyyətcə bu layihə İran dəhlizinin Avropaya bağlanmasını qarşısını almaq idi - İran İslam Respublikası bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu. Vilayətinin fikrincə, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır.
Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması İranla bağlı olan bir məsələ deyil:
"Bu məsələdə Rusiya, Ermənistan və başqa güclər iştirak edir. Ona görə də İranın canfəşanlığı yersizdir. İran tərəfi bu məsələdə ən axırıncı yerdədir. Sadəcə görünən odur ki, İran siyasi aktivlik göstərərək özünü Cənubi Qafqazda mühüm bir dövlət kimi təqdim edir. Lakin bu, reallıqda belə deyil”.
Müsahibimiz qeyd edib ki, Yaxın Şərq regionunda Bəşər Əsəd rejimi deviriləndən sonra İrana çox zərbə dəymişdi. R.Tağızadə bildirib ki, İran hazırda isə nüvə danışıqları fonunda siyasi təzyiq altındadır:
“İran Zəngəzur dəhlizinə mane olmaq istəyir. Rəsmi Tehran bununla bağlı siyasi bəyanatlar yayır, Rusiya ilə sıx şəkildə danışıqlar aparır. Ancaq bu, Zəngəzur dəhlizinin açılmamasına təsir edən amil deyil".
Rüstəm Tağızadə: Zəngəzur dəhlizinin açılması İranla bağlı olan bir məsələ deyil
Politoloqun fikrincə, yaxın perspektivdə İranın ölkəmizə qarşı qərəzli mövqeyinin dəyişəcəyi gözlənilmir. İran yaxın gələcək üçün belə bir addım atmayacaq.
"Qarşıdakı dövrlərdə də İranın Azərbaycana qarşı qərəzli bəyanatlarını görə bilərik. Söhbət təkcə Zəngəzur dəhlizindən deyil, digər məsələlərdən gedir. İranın Ermənistana yardımı, səfirliyə hücumu, İranın Ermənistana dəfələrlə silah daşıması kimi məsələlər yadımızdadır", - Rüstəm Tağızadə vurğulayıb.
Gülşən Şərif