• Bakı 21° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Hər həftə yeni sanksiya: İranı NƏ GÖZLƏYİR? 

SİYASƏT

31 Avqust 2026 | 16:00

Hər həftə yeni sanksiya: İranı NƏ GÖZLƏYİR?

Amerika Birləşmiş Ştatlarının İrana qarşı təzyiq kampaniyasını intensivləşdirərək hər həftə yeni sanksiyalar tətbiq edəcəyini bəyan etməsi diqqəti yenidən Vaşinqton-Tehran xəttindəki gərginliyə yönəldib. Vaşinqtonun bu addımının Tehranı danışıqlar masasında güzəştlərə məcbur edib-etməyəcəyi məsələsi regional analitiklərin əsas müzakirə mövzusudur.

Mövzu ilə bağlı politoloq Azad MəsiyevBakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı strategiyasının təməlində bu ölkədə hakimiyyəti dəyişmək və özünə münasib dövlət modeli qurmaq dayanır.

Ekspertin sözlərinə görə, müxtəlif dövrlərdə ABŞ rəhbərliyi bu məqsədə çatmaq üçün fərqli bəhanələrlə sanksiya və təzyiq mexanizmlərini işə salıb:

Azad Məsiyev: Trampın apardığı hərbi əməliyyata 100 milyard dollar vəsait xərclənib

“Vaxtilə İranı terrorçuları dəstəkləməkdə və İsraillə bağlı bəyanatlarında günahlandıraraq məhdudiyyətlər tətbiq edirdilər. Donald Trampın hakimiyyəti dövründə isə uranın zənginləşdirilməsi və nüvə silahı təhlükəsi bəhanə edilərək sanksiyalar genişləndirildi, hətta hərbi əməliyyatlara başlanıldı. Tramp hərbi əməliyyatın məqsədinin İranda hakimiyyəti dəyişmək olduğunu açıq şəkildə bəyan etsə də, bu strategiya siyasi baxımdan fiaskoya uğradı və Vaşinqton strateji məqsədlərinə çata bilmədi”.

A.Məsiyev vurğulayıb ki, müstəqil ekspertlərin məlumatına görə, Trampın apardığı hərbi əməliyyata 100 milyard dollar vəsait xərclənib. Bu səbəbdən müxalifətdə olan Demokratlar Partiyası Konqresdə məsələni qaldıraraq Trampdan hesabat tələb edir. Bu təzyiqlər nəticəsində Trampın reytinqi Amerika cəmiyyətində sürətlə aşağı enir:

“Hazırda Tramp vəziyyətdən çıxış yolu kimi İranı danışıqlar masasında oturdub öz şərtlərini qəbul etdirməyə və bunu ABŞ cəmiyyətinə qələbə kimi təqdim etməyə çalışır. Siyasi bəyanatlar və hərbi addımlar nəticə vermədiyi üçün indi böyük həcmli iqtisadi və maliyyə sanksiyaları bəyan olunur. Təkcə sanksiyalarla bir dövləti çökdürmək mümkün deyil. Məqsəd ölkəni zəiflətmək, sosial vəziyyəti pisləşdirərək ictimai narazılıq yaratmaq və xarici kəşfiyyatın təsirində olan qüvvələr vasitəsilə təxribatlar törədib xaos yaratmaqdır. Lakin sanksiyalar sosial-iqtisadi sahəyə təsir etsə də, İran xalqı və dövləti vahid mövqedən çıxış edərək bu təzyiqlərə duruş gətirə bilir”.

Politoloq qeyd edib ki, Trampın sanksiya bəyanatları daha çox hədə-qorxu xarakteri daşıyır və yaxınlaşan Konqresə aralıq seçkiləri ərəfəsində müvəqqəti razılaşma əldə etməyə hesablanıb: 

“Seçkilərdə demokratların qələbə qazanması Trampın siyasi imicinə ciddi xələl gətirə bilər. İranın müqavimət göstərməsi dolayısı ilə Demokratlar Partiyasının maraqlarına xidmət edir. Hazırda ABŞ-nin diplomatik yollarla təqdim etdiyi təkliflər İran tərəfindən məqbul sayılmır. İrəli sürülən öz şərtləri beynəlxalq hüquqa tam uyğundur və ədalətlidir. Çünki ABŞ imperialist siyasətini diktə etməyə çalışır, İran isə özünü müdafiə etmək üçün bütün vasitələri məqbul sayır. Bir sözlə, İranla hədə-qorxu dilində danışaraq nəyəsə nail olmaq real görünmür”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026