• Bakı 10° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

İraq yanacaq məhsullarının Suriya üzərindən quru yolla ixracına başlayıb

DÜNYA

02 Aprel 2026 | 00:05

İraq yanacaq məhsullarının Suriya üzərindən quru yolla ixracına başlayıb

İraq uzun müddətdən sonra ilk dəfə olaraq yanacaq məhsullarının Suriyadan keçməklə quru yolla ixracına başlayıb. Bu addım İranla müharibə fonunda ənənəvi tədarük marşrutlarında yaranan ciddi pozuntularla əlaqələndirilir.

Bakıvaxtı.az xəbər verir ki, İraqın Dövlət Neft Marketinq Şirkəti (SOMO) aprel-iyun ayları üzrə aylıq təxminən 650 min ton mazutun tədarükü üçün müqavilələr imzalayıb. Yüklərin uzun illər istifadə olunmayan marşrut üzrə Suriya ərazisindən daşınması nəzərdə tutulur.

Məlumata görə, ilk karvan yola salınıb. Bildirilir ki, Hörmüz boğazı üzərindən dəniz daşımalarına tətbiq olunan məhdudiyyətlər fonunda alternativ marşrutlara ehtiyac yaranıb.

Mənbələrin sözlərinə görə, Suriyada vəziyyətin nisbətən sabitləşməsi və regionda yaranmış qeyri-adi geosiyasi şərait bu marşrutu hazırda ən uyğun seçimə çevirib. Bununla belə, quru daşımalarının dəniz nəqliyyatı ilə müqayisədə daha baha başa gəldiyi qeyd olunur.

Qeyd edək ki, İraq indiyədək əsasən yanacaq ixracını Körfəz limanları, o cümlədən Xur əz-Zubeyr limanı vasitəsilə həyata keçirirdi. Son hadisələr isə ölkəni alternativ ixrac yolları axtarmağa məcbur edib.

Bununla yanaşı, ölkə ərazisini Suriyanın Aralıq dənizi sahilində yerləşən Bəniyas limanı ilə birləşdirəcək yeni neft kəmərinin tikintisi nəzərdən keçirilir. Bu layihə artıq istismar üçün yararsız vəziyyətə düşmüş Kərkük–Bəniyas boru kəmərinə alternativ kimi qiymətləndirilir.

Bununla yanaşı, İraq ixrac gücünü artırmaq üçün Türkiyənin Ceyhan limanı üzərindən daşımaların genişləndirilməsini də planlaşdırır.


SON XƏBƏRLƏR

01 Aprel 2026