“Ermənistanın paytaxtında vətəndaş cəmiyyəti, ekspert ictimaiyyəti və media nümayəndələrinin görüşü baş tutub. Azərbaycan və Ermənistanın rəsmi strukturları görüşün ikitərəfli formatda keçirilməsinə şərait yaradıb”.
Bu barədə politoloq Fərhad Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.
O bildirib ki, uzun illər sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi Zvartnots hava limanına enib və bu, ikitərəfli münasibətlərdə normala çevrilə biləcək mühüm detal kimi qiymətləndirilir:
“Bu, sülh gündəliyi baxımından vacibdir. Mütəxəssislər vaxtaşırı beynəlxalq tədbirlərdə görüşürlər, lakin bu dəfə bütün detallar ikitərəfli formatda idi. Bu cür iclaslar sülh prosesinə əlavə məsuliyyət və təkan verir”.
Fərhad Məmmədov vurğulayıb ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqələr üçün çərçivə yaradıb:
“İlham Əliyev və Nikol Paşinyan əldə olunanların gücləndirilməsi və əlaqələrin səviyyəsinin genişləndirilməsi üçün addımlar atırlar. Proses asan deyil, çünki xarici sponsor yoxdur və bütün işlər ikitərəfli formatda aparılır. Hökumətlər artıq vətəndaş cəmiyyətini sülh prosesinə birləşdirmək üçün kifayət qədər məzmun təmin ediblər. Uzunmüddətli sülh və sabitlik üçün qarşıda konkret məqsəd var”.
Politoloq qeyd edib ki, görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik təmin edilib və regionun geosiyasətindən tutmuş cəmiyyətlərdəki narahatlıqlara qədər geniş məsələlər müzakirə edilib:
“Qrupun məqsədləri və mümkün birgə fəaliyyəti diqqətlə müzakirə olunub. İrəvanı qarış-qarış gəzmək və gördüklərini informasiya resurslarında izləmək maraqlı idi. Hətta təsadüfən tanıdığım jurnalisti efirdə gördüm”.
Fərhad Məmmədov əlavə edib ki, bəzən erməni və Azərbaycan resursları arasında fikir ayrılıqları olsa da, bu normaldır:
“İndiki dövrdə hələ çox iş görülməlidir ki, cəmiyyət hökumətlərin dinc gündəminə öyrəşsin. Rəsmi səviyyədə prosesin təşviqi üçün qərarlar qəbul edilir. Əgər bu tarixi dövrdə vəziyyətin sabitləşməsi və dayanıqlı sülh üçün şərait varsa, bundan istifadə etmək lazımdır”.
Əli Hüseynov
Bakı 


