Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşdə yaxın altı ayı əhatə edən əməkdaşlıq müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında 21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
O qeyd edib ki, iki gün ərzində həm hazırkı proseslər müzakirə olunub, həm də ikitərəfli səfərləri əhatə edən təşəbbüsün adı müəyyənləşdirilib:
"Artıq mövcud format "Sülh Körpüsü" təşəbbüsü adlanacaq. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin səfəri çərçivəsində baş tutan görüşdə, əsasən, yaxın altı ay ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində fəaliyyət, ekspertlərin əməkdaşlığı və media sahəsində birgə əməkdaşlıq müzakirə edildi və konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə hazırlıq işinin başlanması təsdiq olundu".
F.Məmmədovun sözlərinə görə, bundan sonra artıq fərqli istiqamətlərdə tədbirlər planlaşdırılır və tədbirlər ancaq ikitərəfli formatda həyata keçiriləcək:
"Hər iki tərəfdən nümayəndələrin səfərləri təşkil olunacaq. Bu, təkcə qrupa üzv olan beş nəfəri deyil, daha çox vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakını nəzərdə tutan bir fəaliyyətə çevriləcək".
Bakı 



