Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Avqustun 24-də Ermənistan Baş Prokurorluğu tərəfindən ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri üzrə ictimai cinayət təqibinə başlanılıb.
Eyni zamanda, daha 9 nəfər, o cümlədən Köçəryanın oğlu Sedrak Köçəryan, keçmiş Baş nazir Andranik Marqaryan və digər şəxslər barəsində də cinayət işi açılıb. Bundan əlavə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Qeyd olunur ki, Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını saxta əsaslarla mənimsəməkdə və bir sıra torpaq sahələri ilə daşınmaz əmlak obyektlərini bazar qiymətindən xeyli aşağı qiymətə əldə etməkdə şübhəli bilinir.
Politoloq İlqar Vəlizadə bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, bu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan öz işini sonadək aparacaq.

Ekspert vurğulayıb ki, istintaqın genişmiqyaslı olması, cinayət işi açılan şəxslərin çoxluğu göstərir ki, Paşinyan revanşist dairələrə qarşı mübarizəni bitirmək niyyətindədir:
“Paşinyan israrlıdır ki, 4-cü respublika adlandırılan “real Ermənistan” konsepsiyası həyata keçirilsin. Ermənistan hökuməti keçmişin siyasi qalıqlarından tamamilə qurtulmaq istəyir. Əslində Paşinyan üçün yaxşı imkanlar da yaranıb. Burada bir neçə amil üst-üstə düşür. Birinci məqam odur ki, bu insanların hamısı vaxtı ilə Paşinyana qarşı çox sərt davranıblar. Hətta Paşinyan Sarkisyan dövründə həbs olunmuşdu. Digər tərəfdən, bu siyasətçilər indi də fikirlərini gizlətmirlər, açıq bəyan edirlər. Deyirlər ki, hakimiyyətə gəlsələr, Paşinyanı nəinki devirəcək, onu cinayət məsuliyyətinə cəlb edəcəklər. Bu da ciddi siqnaldır”.
Analitik əlavə edib ki, başqa məqam isə geosiyasi amillə bağlıdır:
“Paşinyan yaxşı başa düşür ki, sülh gündəliyinə tabe olmazsa, çox acınacaqlı vəziyyətlə üzləşə bilər. Həm siyasi, həm də xarici güc mərkəzlərinin qurbanına çevrilməkdən ehtiyatlanır. Əlbəttə, Rusiyanın reaksiyası da mənfi olacaq. Artıq Rusiya rəsmiləri ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında əlaqələr başlayıb. Çox güman ki, bu məsələlər ətraflı müzakirə olunub. Moskvanın İrəvanla “Köçəryana qarşı addımlar atılmasın” sövdələşməsi artıq keçmişdə qalıb. Paşinyan artıq hesab edir ki, onun “əlləri bağlı deyil”. Rusiyanın əlində rıçaqlar var, ancaq bunları işə salsa, Moskva özü də təhlükə ilə üzələş bilər”.
Aydın Baxış




