İsrailin Baş naziri Benyamin Netanyahu iyul ayında Vaşinqtonda keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampla İrana qarşı mübarizə tədbirlərini müzakirə etdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Netanyahunun sözlərinə görə, İrana qarşı 3 mümkün yanaşma mövcuddur: diplomatik tədbirlər, hərbi əməliyyatlar və onun "Tehranın mühasirəsinin sərtləşdirilməsi" adlandırdığı addım.
O qeyd edib ki, üçüncü variant Vaşinqton tərəfindən bu yaxınlarda genişləndirilmiş sanksiya kampaniyası ilə bağlıdır. Bununla yanaşı, o, İran hakimiyyəti ilə sövdələşmənin bağlanması imkanına şübhə etdiyini bildirib.
"Prezident Trampın dünən etdiyi şey İrana birbaşa təzyiqi artırmaqla deyil, hökumətə kömək edənlərə təzyiqi artırmaqla İranın mühasirəsinin sərtləşdirilməsidir", - Netanyahu deyib.




