“Dəniz məhsulları, zeytun yağı və qoz-fındıq orqanizmin gənc qalmasına kömək edir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirib ki, dünyada uzunömürlülüyü ilə seçilən “mavi zonalar”da aparılan müşahidələr qidalanmanın sağlam qocalmada mühüm rol oynadığını göstərir.
Onun sözlərinə görə, Okinava, Sardiniya və digər uzunömürlülüyün yüksək olduğu bölgələrdə Aralıq dənizi tipli qidalanma ön plana çıxır.
“İnsanı gənc saxlayan, qocalmasını ləngidən əsas qidalanma Aralıq dənizi dietasıdır. Burada dəniz məhsulları, zeytun yağı, kərə, qoz-fındıq və digər faydalı məhsullar mühüm yer tutur.
Azərbaycanda da meyvə-tərəvəz baxımından zəngin imkanlarımız var. Son illərdə ölkədə zeytun yağının istehsalının və istifadəsinin artması sevindirici haldır. Əhali bundan daha çox istifadə edərsə, gələcək illərdə ürək-damar xəstəliklərinin səviyyəsinin azalmasına müsbət təsir göstərə bilər”.
Zeynəb Rzayeva




