“Sağlam uzunömürlülükdə əsas rol həyat tərzinə bağlıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirib ki, insanın təqvim yaşı ilə bioloji yaşı fərqli ola bilər:
“Bioloji yaşı müəyyən edən xüsusi analizlər var. İnsan 50 yaşında ola bilər, amma bioloji cəhətdən daha gənc görünə bilər. İnsan stresə məruz qaldıqca, sağlam qidalanmadıqda və düzgün yatmadıqda telomerlər qısalır. Bu da bioloji yaşlanmanı sürətləndirən amillərdəndir”.
Onun sözlərinə görə, davamlı stress və ailədaxili konfliktlər də bioloji yaşlanmaya ciddi təsir göstərir. Emin Məmmədov xüsusilə boşanma ərəfəsində yaşanan uzunmüddətli stressin insan orqanizminə mənfi təsirlərinə diqqət çəkib.
Qastroenteroloq bioloji yaşlanmanı ləngitmək üçün əsas amilləri də açıqlayıb. O qeyd edib ki, ilk növbədə yuxu rejiminə diqqət yetirmək lazımdır:
“Yuxu normal olmasa, dünyanın ən sağlam qidası və həyat tərzi sizə heç bir rola malik olmayacaq. İnsan yuxu yatarkən beyində təmizlənmə prosesi gedir və bu, gələcəkdə bəzi beyin xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır”.
Mütəxəssis sağlam qidalanma və fiziki aktivliyin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, emal olunmuş və paketlənmiş qidalardan uzaq durmaq, bağırsaq mikroflorasını qorumaq, yürüş etmək və əzələlərə yük vermək sağlam yaşlanmaya kömək edir.
Zeynəb Rzayeva




