Özünü “Renesans Travel” şirkətinin direktoru kimi təqdim edən Hüseynli Orxan Yusif oğlu ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçinin iddialarına görə, sözügedən şəxs insanlara saxta tur satır və ödənişləri geri qaytarmır.
Şikayətçi bildirib ki, avqust ayı üçün qrup turu almaq məqsədilə Orxan Hüseynliyə ödəniş edib. Onun sözlərinə görə, tura təxminən bir ay qalmış “Renesans Travel”in "Instagram" səhifəsi və "WhatsApp" nömrəsi silinib. Bundan sonra isə Orxan Hüseynli şəxsi nömrədən onunla əlaqə saxlayıb.
Tura bir həftə qalmış səfərin ləğv edildiyini və ödənişin geri qaytarılacağı bildirilib. Lakin indiyədək ödədiyi 1536 manatdan ona cəmi 450 manat qaytarılıb.
“Avqustun 23-də kişi sözü verdi ki, pulun hamısını qaytaracaq. Mən də kişi sözünün ağırlığına inanıb düşündüm ki, yəqin qaytaracaq. Lakin yenə müxtəlif bəhanələr və vədlərlə vaxt qazanır”, – deyə şikayətçi vurğulayıb.
O, həmçinin özünə saxta bilet və müqavilə təqdim edildiyini iddia edib. Şikayətçinin sözlərinə görə, müqavilədə göstərilən VÖEN-in başqa şirkətə məxsus olduğu müəyyənləşib.
Şikayətçi iddia edir ki, Orxan Hüseynli müxtəlif VÖEN-lərdən istifadə etməklə tur satışlarını davam etdirir. O, vətəndaşları diqqətli olmağa və tur alarkən şirkətin hüquqi məlumatlarını, VÖEN-ni, müqaviləni və təqdim olunan sənədləri əvvəlcədən yoxlamağa çağırıb.
Müraciətdə qeyd olunur ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı 20-dən çox zərərçəkən var və onların aidiyyəti dövlət qurumlarına müraciət etdiyi bildirilir.
Məsələ ilə bağlı “Renesans Travel” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Murad İsmayıl






