“Banqladeşin Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaq ehtimalı Asiyada və müsəlman dünyasında təhlükəsizlik arxitekturasının dəyişdiyini göstərən mühüm siqnaldır”.
Analitik Tural İsmayılov bunu Bakıvaxtı.az-a daşışarkən bildirib.

“Banqladeşin marağının arxasında bir neçə amil dayanır. İlk növbədə Dəkkə müdafiə imkanlarını şaxələndirmək və Türkiyə ilə Pakistanın hərbi sənaye və texnologiya potensialından daha geniş yararlanmaq istəyir. Son illərdə Banqladeşin Türkiyə ilə müdafiə əməkdaşlığını genişləndirməsi və Pakistanla hərbi-texniki əlaqələri inkişaf etdirməsi bu marağın təsadüfi olmadığını göstərir. Digər tərəfdən Səudiyyə Ərəbistanı Banqladeş üçün yalnız siyasi tərəfdaş deyil, həm də əmək miqrasiyası, pul köçürmələri və iqtisadi əlaqələr baxımından mühüm ölkədir. Lakin Dəkkənin qarşısında ciddi geosiyasi dilemma da var. Banqladeş ənənəvi olaraq müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər saxlamağa çalışır”.
Müsahibimiz hesab edir ki, "Məkkə sazişinə qoşulmaq Banqladeşi Hindistan, Çin, ABŞ və Yaxın Şərqdəki rəqabətlərin daha mürəkkəb olduğu təhlükəsizlik mühitinə gətirə bilər:
“Xüsusilə Pakistanın iştirak etdiyi hərbi mexanizmə Banqladeşin qoşulması Hindistanda diqqətlə izlənəcək. Əgər Banqladeşdən sonra digər müsəlman ölkələri də Sazişə qoşularsa, prosesin siyasi çəkisi daha da artacaq. Bu halda söhbət artıq üç ölkənin müdafiə anlaşmasından deyil, kollektiv çəkindirmə, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi, hərbi texnologiyalar və birgə təhlükəsizlik mexanizmləri formalaşdıran daha geniş platformadan gedə bilər. Türkiyənin müdafiə sənayesi, Pakistanın hərbi təcrübəsi və Səudiyyə Ərəbistanının maliyyə imkanları belə bir strukturun əsas dayaqları ola bilər. Amma bunu dərhal “müsəlman NATO-su” adlandırmaq da doğru olmaz. Sazişin hələ NATO-dakı kimi inteqrasiya olunmuş komandanlıq, vahid hərbi struktur və uzun illər ərzində formalaşmış institusional mexanizmləri yoxdur”.
Sazişlə bağlı əsas məsələyə diqqət çəkən analitik onu da əlavə edib ki, Məkkə sazişinin genişlənməsi müsəlman ölkələrinin təhlükəsizlik məsələlərində daha çox öz imkanlarına və regional tərəfdaşlıqlara söykənmək istəyini nümayiş etdirə bilər:
“Banqladeşin mümkün qoşulması isə bu prosesin Yaxın Şərqdən Cənubi Asiyaya keçdiyini və yeni təhlükəsizlik xəritəsinin artıq yalnız bir regionla məhdudlaşmadığını göstərəcək”.
Xatırladaq ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar. Sazişin əsas müddəası kollektiv müdafiə prinsipidir. Sənədə əsasən, üç dövlətdən birinə qarşı edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.
Aydın Baxış




