“İnsan nə qədər yaşayacaqsa, həmin ömrü sağlam və rahat yaşamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
O bildirib ki, son dövrlərdə dünyada yalnız xəstəliklərin müalicəsi deyil, həm də sağlam uzunömürlülük məsələsi geniş müzakirə olunur. Həkimin sözlərinə görə, uzun ömürdən daha vacib məqam insanın ömrünün nə qədər hissəsini sağlam keçirməsidir.
E.Məmmədov qeyd edib ki, yaşlanmaya genetika, xroniki iltihab, bağırsaq mikroflorası və uzunmüddətli stress kimi amillər təsir göstərir. Onun sözlərinə görə, genetikanın insanın sağlamlığı və uzunömürlülüyündə payı təxminən 20-25 faizdir, həyat tərzi isə daha böyük rol oynayır.
“Genetika ən vacib məsələlərdən biridir, amma hər şey demək deyil. ‘Hər şey məndə genetikdir’ deyib dayanmaq olmaz”, - deyə mütəxəssis vurğulayıb.
Qastroenteroloq sağlam qidalanmanın da uzunömürlülükdə mühüm rol oynadığını bildirib. O, Aralıq dənizi tipli qidalanmada dəniz məhsulları, zeytun yağı, qoz-fındıq, meyvə və tərəvəzlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Həkim bioloji yaşın da insanın sağlamlıq vəziyyətinin göstəricilərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, uzunmüddətli stress, düzgün qidalanmamaq və yuxu çatışmazlığı bioloji yaşlanmanı sürətləndirə bilər.
E.Məmmədov sağlam yaşlanma üçün ilk növbədə yuxu rejiminin qaydaya salınmasını tövsiyə edib. O bildirib ki, bundan əlavə, balanslı qidalanma və müntəzəm fiziki aktivlik də mühüm amillərdir.
“Yuxu normal olmasa, dünyanın ən sağlam qidası və həyat tərzi sizə heç bir rolu olmayacaq”, - deyə həkim bildirib.
Mütəxəssis həmçinin yaş artdıqca bəzi vitamin və minerallara ehtiyacın dəyişə biləcəyini, lakin qida əlavələrinin həkim məsləhəti və müvafiq müayinələr əsasında qəbul edilməsinin vacibliyini vurğulayıb.
Zeynəb Rzayeva




