q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

İslamabad diplomatik mərkəz qismində: ABŞ-İran danışıqları dalandadır?

SİYASƏT

21 Aprel 2026 | 17:17

İslamabad diplomatik mərkəz qismində: ABŞ-İran danışıqları dalandadır?

Bu gün İslamabad dünyanın diplomatik diqqət mərkəzində olsa da, ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqların ikinci raundu qeyri-müəyyənliklə üzləşib. Pakistanın gərgin səyləri nəticəsində əldə olunmuş müvəqqəti atəşkəsin müddəti bu gün başa çatır, lakin Tehranın masada əyləşib-əyləşməyəcəyi hələ də sual altındadır. Tərəflərin qarşılıqlı ittihamları və toqquşan strateji maraqlar prosesi sülhün qorunması ilə hərbi əməliyyatların bərpası arasında incə bir xəttə gətirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, İran müxtəlif bəhanələrlə danışıqlardan yayınmağa çalışır:

"Tehran bu mövqeyini gah ABŞ-ın atəşkəs şərtlərini pozması, gah reallıqdan uzaq tələblər irəli sürməsi, gah da şərtlərin tez-tez dəyişdirilməsi ilə əlaqələndirir. Pakistan rəhbərliyi İranı danışıqlar masasına gətirəcəyinə ümid etsə də, bu gün hər hansı irəliləyişin olacağı inandırıcı görünmür. Hətta tərəflər bir araya gəlsə belə, kəskin ziddiyyətlər səbəbindən ortaq məxrəcə gəlmək demək olar ki, qeyri-mümkündür".

Abutalıb Səmədov, deputat

Politoloqun fikrincə, mövcud böhrandan çıxış yolu tərəflərdən birinin özünü məğlub hesab edərək böyük faciələrin qarşısını almaq üçün geri çəkilməsindən keçir. Lakin hələlik nə Vaşinqton, nə də Tehran güzəştə getmək niyyətindədir:

"Danışıqların baş tutmaması fonunda ABŞ-ın İranın strateji obyektlərinə zərbələr endirməsi gözlənilir. Tehranın bu hücumlara cavab tədbirləri görməsi ilə hərbi əməliyyatların növbəti mərhələyə keçməsi qaçılmaz ola bilər".

Ekspert əlavə edib ki, indiki şəraitdə hərbi əməliyyatların tamamilə dayandırılması ehtimalı olduqca aşağıdır. Tərəflərin mövqeləri uzlaşdırılması mümkün olmayan dərəcədə fərqlidir.

"Müəyyən razılaşmaların əldə olunması ehtimalı hələ də tam itməyib. Lakin bu razılığın indiki raundda, yoxsa yeni dağıntı və faciələrdən sonra əldə olunacağını yaxın günlərin hadisələri göstərəcək", — deyə Abutalıb Səmədov vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR