Bugünkü diskussiya bizə uşaqların hansı mühitdə yetişdiyi, onların təhlükəsizliyinin, rifahının və inkişaf imkanlarının necə formalaşdırıldığı barədə daha dərindən düşünmək üçün əlverişli imkan yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu cür görüşlər həmçinin uşaqların və gənclərin öz mövqelərini açıq şəkildə ifadə edə bilməsi, onların səslərinin qərarvermə proseslərində nəzərə alınması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sədr deyib ki, Beynəlxalq Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən komitə rəhbəri bildirib ki, günümüzdə “ev” anlayışı artıq sadəcə fiziki məkan kimi qəbul olunmur. Bu anlayış, xüsusən də uşaqlar üçün, təhlükəsiz və sağlam inkişafı təmin edən geniş sosial mühiti əhatə edir. Onlar üçün ev yalnız dörd divar arasında yerləşən yaşayış sahəsi deyil, həm də keyfiyyətli təhsilə çıxış, sosial xidmətlərdən yararlanmaq, oyun oynamaq, ünsiyyət qurmaq və emosional rifah üçün uyğun şərait deməkdir.
Bahar Muradova vurğulayıb ki, evin ən vacib tərkib hissəsi isə ailədir. Uşaq ilk olaraq ailədə eşidildiyini, dəyər verildiyini və qorunduğunu hiss edir. Bu səbəbdən də şəhərsalma strategiyalarında, mənzil və yaşayış mühitinin planlaşdırılmasında uşaqların maraqları prioritet kimi nəzərə alınmalıdır. Hər bir uşaq üçün fiziki mühiti qədər sosial və emosional mühit də əhəmiyyətlidir. Elə məhz buna görə də şəhərlərin planlaşdırılmasında rahat, əlçatan, inklüziv və təhlükəsiz məkanların yaradılması əsas hədəflərdən biri olmalıdır.
Əli Hüseynov
Bakı 




