Məlum olduğu kimi, İsraillə Livanın “Hizbullah” hərəkatı arasında noyabrın 26-da yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) atəşkəs barədə razılaşma qüvvəyə mindiyi bildirilib.
Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, İsrail və "Hizbullah" arasında olan atəşkəsdə Amerika 3-cü tərəf kimi çıxış etdi. Bu da onu göstərir ki, İsrail Yaxın Şərqdə öz missiyasının yarısını başa çatdırıb "Hizbullah"a və HƏMAS-a ciddi şəkildə zərbələr endirdi:
"Netanyahu bildirirdi ki, “Hizbullah” sona qədər məhv ediləcək, lakin İsrailə ciddi şəkildə təzyiqlər var idi, Benyamin Netanyahu ilə bağlı beynəlxalq məhkəmə qərar qəbul etmişdi və eyni zamanda ABŞ və Fransa tərəfindən də müharibəni dayandıqmaq çağırışları var idi".
Z.Məmmədovun sözlərinə görə, şərtlər yenə də İsrailin əleyhinə deyil, “Hizbullah” demək olar ki, tərki-silah edilməlidi, Livanın cənubunda İsrailin şimalında sərhəddə Livan ordusu olmalıdır.
Zaur Məmmədov: Şərtlər yenə də İsrailin əleyhinə deyil
Müsahibimizə görə, maraqlıdır ki, Qəzzada döyüşlər davam edən zaman İsrailə heç bir ciddi təzyiq yox idi, lakin Livana daxil olan kimi İsrailə müharibəni dayandırmaq çağırışları edildi:
“Bu, bir neçə amillə bağlıdır. Birincisi, İsrail digər ölkənin ərazisinə daxil olmuşdu, ikinci və ən əsası, Livan Fransanın və ümumiyyətlə dünya xristianlığının Yaxın Şərqdə dayaqlarından bəlkə də yeganə ölkəsidir".
Politoloq qeyd edib ki, bundan sonrakı proseslərin necə nəticələnəcəyindən asılı olmayaraq artıq bəllidir ki, Yaxın Şərqdə ciddi şəkildə dəyişikliklər baş tutmaqdadır. Bütün proseslər İsrailin hər an istədiyi addımı atacağından xəbər verir.
Nuriyyə Musayeva