BMT-nin humanitar yardım daşıyan beş yük maşını Kerem Şalom nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyəti üzrə koordinatorunun ofisi məlumat yayıb.
“İsrail ordusunun tövsiyəsi və siyasi eşalonun direktivinə uyğun olaraq, bu gün körpələr üçün qida da daxil olmaqla humanitar yardım daşıyan BMT-nin beş yük maşını Kerem Şalom nəzarət-buraxılış məntəqəsindən keçərək Qəzza zolağına daxil olub. Bütün humanitar yardımlar İsrail təhlükəsizlik xidməti tərəfindən diqqətlə yoxlanıldıqdan sonra buraxılıb”, - paylaşımda yazılıb.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağa və onun HƏMAS hərəkatının üzvləri tərəfindən qarşısının alınmamasını təmin etməyə davam edəcək.
BMT İsrail rəhbərliyinin humanitar yardımın anklava çatdırılmasına icazə verməsi qərarını alqışlasa da, bunu “dənizdə bir damla” adlandırıb.