"Avropanın taleyin ümidinə buraxılmış qəzzalıların faciəsindən siyasi təzyiq aləti kimi istifadə etməsi hörmətsizlikdir və bu davranış qəzəb doğurur".
Bunu Avropa İttifaqının İsrailə qarşı yürütdüyü siyasəti şərh edən politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail dövlətinin hərəkətlərində, xüsusilə Qəzzada mülki əhalinin hərbi əməliyyatlar nəticəsində həyatını itirməsi ilə bağlı faktlar kifayət qədərdir. Lakin bu vəziyyətdən istifadə edərək İsrailə iqtisadi sanksiyalar tətbiq etmək həqiqi insan hüquqları müdafiəçiləri tərəfindən insan hüquqlarının müdafiəsi kimi qəbul olunmayacaq:
"Qəzza bölgəsində yaşananlar yeni deyil. HƏMAS-ın Təl-Əviv ərazisində həyata keçirdiyi 7 oktyabr terror hadisələrinin ardınca İsrail Qəzza bögəsində HƏMS-ın tamamilə silahsızlaşdırılması və Qəzzanın HƏMAS-dan təmizlənməsi, eyni zamanda israilli girovların azad edilməsi ilə bağlı bu bölgədə hərbi əməliyyatlar həyata keçirir”.
Müsahibimiz qeyd edib ki, bu gün Avropa İttifaqının məsələyə verdiyi reaksiya həm ikilistandart, həm də qeyri-səmimi davranışdır. Dediyinə görə, insan hüquqlarının bəhanə edilməsi, ilk növbədə, elə qəzzalılara qarşı bir hörmətsizlik və riyakarlıqdır:
“Bu gün Avropa İttifaqının İsrail dövləti ilə başqa problemləri varsa, bu, Aİ-nin aparıcı ölkələrlə İsrail arasındakı fikir ixtilafından yaran bir məsələdir. Yaxşı olardı ki, Avropa tərəfi bu məsələyə aydın gətirsin və öz mübarizəsində daha səmimi, dürüst olardı".
Taleh Əliyev: Aİ-nin İsrailə qarşı yürütdüyü siyasət Avropanın özünün vahid struktur kimi çıxışını əngəlləyə bilər
Politoloq hesab edir ki, İsrailə sanksiya tətbiq olunarsa, bu məhdudiyyətlərdən ciddi şəkildə təsirlənəcəyi gözlənilmir. Əksinə İsrail ilə rəqabət içərisində olan Avropa ölkələrinin iqtisadiyyatına bumeranq təsirlər göstərə bilər.
"ABŞ, Avropa və dünyanın fərqli yerlərində yaşayan yəhudi milyarderlər İsrailə qarşı atılan sərt addımları məhz Təl-Əvivin rəqiblərinə qarşı çevriməyi bacaracaqlar. Ona görə də Aİ-nin İsrailə qarşı yürütdüyü sərt siyasət gələcəkdə Avropanın özünün vahid struktur və cəbhə kimi çıxışını əngəlləyə bilər. Çünki bu gün yəhudi faktoru Avropa üçün çox mühüm faktordur. Əgər Avropanın İsrailə qarşı siyasətinin qarşısı vaxtında alınmasa, gələcəkdə Avropa iki qisimə bölünə bilər. Bu qisimə yəhudi tərəfdarı olan və yəhudi əleyhdarları olan avropalılar daxildir. Bu mübarizədə əleyhdarların qələbə qazanma şansı o qədər də real deyil", - deyə Taleh Əliyev qeyd edib.
Gülşən Şərif