• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

İsti hava sağlamlığa necə təsir edir?

CƏMİYYƏT

30 Iyul 2026 | 11:54

İsti hava sağlamlığa necə təsir edir?

İsti hava şəraiti insan orqanizminə ciddi təsir göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev məlumat verib.

Onun sözlərinə görə, yüksək temperatur nəticəsində orqanizm daha çox tərləyir ki, bu da su və mineral duzların itirilməsi ilə nəticələnir. Bu zaman susuzlaşma, halsızlıq, başgicəllənmə, diqqətin zəifləməsi və arterial təzyiqin enməsi kimi hallar müşahidə oluna bilər.

Mütəxəssis bildirib ki, günəş altında uzun müddət qalmaq istilik tükənməsi və günvurma riskini artırır. Günvurma zamanı bədən hərarəti təhlükəli həddə yüksələ, huşun itməsi, qıcolmalar və hətta həyati təhlükə yarana bilər.

Zakir Quliyev vurğulayıb ki, isti hava ürək-damar, tənəffüs sistemi və böyrək xəstəlikləri, eləcə də şəkərli diabet kimi xroniki xəstəliklərin gedişatına mənfi təsir göstərərək onların kəskinləşməsinə səbəb ola bilər. Yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isə risk qrupuna daxildir.

Terapevtin sözlərinə görə, isti havalarda gün ərzində kifayət qədər su qəbul etmək, susuzluq hissi olmasa belə müntəzəm maye içmək vacibdir. O, həmçinin günəş şüalarının daha intensiv olduğu 11:00–17:00 saatları arasında açıq havada uzun müddət qalmamağı, kölgəli və sərin məkanlara üstünlük verməyi tövsiyə edib.

Mütəxəssis açıq rəngli, yüngül və hava keçirən geyimlərdən istifadə etməyi, papaq və günəş eynəyi taxmağı, günəşdən qoruyucu kremlərdən yararlanmağı məsləhət görüb. Fiziki gərginlik tələb edən işlərin və idman məşqlərinin səhər erkən və ya axşam saatlarına keçirilməsi, qapalı məkanların yaxşı havalandırılması və kondisionerdən düzgün istifadə olunması da mühüm profilaktik tədbirlər sırasındadır.

Bundan əlavə, alkoqollu və yüksək şəkər tərkibli içkilərdən uzaq durmaq, meyvə və tərəvəzlərlə zəngin, yüngül qidalanmaya üstünlük vermək tövsiyə edilir.

Zakir Quliyev sonda qeyd edib ki, başgicəllənmə, güclü halsızlıq, ürəkbulanma, qusma, sürətli nəbz, həddindən artıq tərləmə və ya huşun qarışması kimi əlamətlər müşahidə olunduqda dərhal sərin yerə keçmək, maye qəbul etmək, vəziyyət ağırlaşarsa isə təcili tibbi yardım çağırmaq lazımdır.

Onun sözlərinə görə, isti havalarda sadə profilaktik tədbirlərə əməl olunması sağlamlığın qorunmasına və istiliklə əlaqədar yarana biləcək ağırlaşmaların qarşısının alınmasına kömək edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026