• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İsveçdə vətəndaşlıq qaydaları sərtləşdirilir: təhlükəsizlik yoxlamaları artırılır

DÜNYA

25 Aprel 2025 | 15:58

İsveçdə vətəndaşlıq qaydaları sərtləşdirilir: təhlükəsizlik yoxlamaları artırılır

İsveç Miqrasiya Xidməti yeni proqnozunu açıqlayıb. Bildirilir ki, 2025-ci ildə əvvəlki təxminlərlə müqayisədə 23 min nəfər az adam İsveç vətəndaşlığı alacaq. Bu azalmanın başlıca səbəbi müraciətlərin qiymətləndirilməsi zamanı təhlükəsizlik yoxlamalarının daha da sərtləşdirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, 2026-cı ilin yanvarından etibarən Miqrasiya Xidməti terror fəaliyyəti və ya mütəşəkkil cinayət qrupları ilə əlaqəsi olan şəxslərin vətəndaşlıq əldə etməsinin qarşısını almaq üçün təhlükəsizlik aspektlərinə daha çox diqqət yetirməyə borcludur.

Qurumun rəhbəri Maria Mindhammar bildirib:

“Hazırda İsveç qanunvericiliyində vətəndaşlığın ləğvi mümkün deyil. Buna görə də biz müraciətçiləri daha diqqətlə araşdırmalıyıq. Bu, siyasi qərardır və biz onun icrasına cavabdehik".

Yeni yanaşma şəxsi müsahibələrin aparılması, şəxsiyyətin daha dəqiq müəyyənləşdirilməsi və Dövlət Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlığı da əhatə edir. Artan iş yükü həmçinin hökumətin son hesabatında nəzərdə tutulan yeni meyarlarla – İsveç dili biliyi, daimi gəlir və nümunəvi davranış tələbləri ilə də əlaqələndirilir. Bu dəyişikliklərin 2026-cı ilin iyununda qüvvəyə minməsi gözlənilir.

Qeyd olunub ki, Avropa İttifaqının Ukraynadan kütləvi miqrasiya ilə bağlı qəbul etdiyi direktivin müddəti cari ilin martında başa çatıb. Əgər bu müddət uzadılmasa, İsveçdə sığınacaq almaq üçün təxminən 20 min yeni müraciətin daxil olacağı proqnozlaşdırılır. Miqrasiya Xidməti əlavə resurs istəklərinə və işçi sayının artırılması səylərinə baxmayaraq, artan müraciət axınının öhdəsindən gəlməkdə çətinlik çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Xidmət bu ilin əvvəlində İsveç Milli Audit İdarəsinin kəskin tənqidlərinə tuş gəlib. Audit hesabatında minlərlə insanın illərlə vətəndaşlıq gözlədiyi və bunun onların səsvermə hüququ və ya müəyyən iş imkanlarından istifadə etmələrinə mane olduğu vurğulanıb. Mart ayına olan rəsmi statistikaya əsasən, vətəndaşlıqla bağlı 86 450 müraciət hələ də baxılmamış qalıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR