• Bakı 16° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Jurnalist Qənirə Ataş kömək istəyir: Ölümlə təhdid edirlər

CƏMİYYƏT

21 Aprel 2025 | 08:59

Jurnalist Qənirə Ataş kömək istəyir: Ölümlə təhdid edirlər

ABŞ-də yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, müraciətində həyatının və ailəsinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirdiyini və bu səbəbdən qrup üzvlərinin dəstəyinə ehtiyac duyduğunu bildirib.

Jurnalist qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparıb:

“Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirib.

Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar edib. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunub. Lakin təhdidlər davam edir”.

Q.Ataşın sözlərinə görə, son olaraq, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə ona və ABŞ-də yaşayan oğluna yenidən ölüm hədələri ünvanlayıb:

“Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalıb, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalıb. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.

Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü “dövlətin adamı” kimi təqdim edərək insanları şantaj edir”.

“Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz”, - deyə Qənirə Ataş müraciətində vurğulayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

20 Aprel 2025