Qızılgül, zəncəfil, cökə və kəklikotu kimi bitkilərdən istifadə edərək hazırlayacağınız çaylar, xüsusən də mövsüm dəyişikliyi zamanı immunitet sistemini gücləndirir və yoluxucu xəstəliklərə qarşı müdafiə təmin edir.
Ancaq otlar qaynadılmaqla deyil, beş -yeddi dəqiqə dəmləməklə hazırlanmalıdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türk dietoloq Ceyda Çalışkan bildirib.
O, qeyd edib ki, mövsüm dəyişiklikləri zamanı ani temperatur oynamaları, havanın sürətli istiləşməsi və soyuması kimi faktorlarla yanaşı, halsızlıq, yorğunluq, baş ağrısı və qrip infeksiyaları kimi bir çox xəstəliyə də rast gəlirik: “ Xüsusilə yaydan payıza keçid dövründə havaların birdən soyuması bədənin müdafiə mexanizminin zəifləməsinə səbəb olur. Soyuqdəymə, yüksək hərarət, boğaz ağrısı və qrip kimi bir çox xəstəliklə mübarizə aparmaq üçün güclü immunitet sisteminə ehtiyac yaranır”.
Dietoloq bildirib ki, immuniteti gücləndirmək üçün bol-bol ədviyyatlardan istifadə etmək lazımdır:
1. Zəncəfil: Həzmsizlik, ürəkbulanma, mədə ağrısı kimi xəstəliklərdə müalicəvi xüsusiyyətlərə malik olan zəncəfil immunitet sisteminin güclənməsini də dəstəkləyir.
2. Zərdəçal: Tənəffüs sistemi xəstəliklərində və revmatik ağrılarda istifadə olunan iltihab əleyhinə xüsusiyyətlərə malik olan zərdəçal bədənimiz üçün güclü bir döyüşçüdür.
3. Kəklikotu: Yeməklərə əlavə etdiyimiz və möhtəşəm ləzzətlər aldığımız kəklikotu ədviyyatı da C vitamini və antioksidanla zəngin tərkibə malikdir. Soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı qorumaq üçün praktiki olaraq hazırlaya biləcəyimiz kəklikotu çayı ilə immunitet sistemini dəstəkləmək mümkündür.
Nuranə Daxilqızı
Bakı 




