"Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır".
Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.
O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.
"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", deyə o bildirib.
Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.
Qeyd edək ki, AZAL-ın qəzaya uğramış təyyarəsinin salonunda qaz balonunun partlaması barədə Rusiya və digər ölkələrin informasiya resurslarında versiyalar səsləndirilir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.