Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edib.
Bu qaydaların vətəndaş cəmiyyətinin inkişafına rolu nə dərəcədə olacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, son günlər qərarın ayrı-ayrı aspektləri geniş müzakirə olunur. Xüsusilə kiçik qrantların məbləğinin artırılması, böyük qrantlar üzrə məhdudiyyətlərin aradan qaldırılması, vahid məlumat bazasının yaradılması və rəqəmsal mexanizmlərin tətbiqi diqqət mərkəzindədir.
Onun sözlərinə görə, qərarın əsl mahiyyəti dövlətin vətəndaş cəmiyyəti siyasətinə yanaşmasında, QHT-lərin maliyyələşdirilməsinin idarə olunmasında və büdcə vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində baş verən daha dərin dəyişikliklərin göstəricisidir:
“Uzun müddət müxtəlif dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QHT layihələrini maliyyələşdirib, dövlət sifarişləri verib və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ediblər. Bu təcrübə özünü doğruldub, vətəndaş cəmiyyətinin inkişafına töhfə verib. Zaman keçdikcə yeni suallar ortaya çıxdı: Büdcədən QHT sektoruna cəmi nə qədər vəsait ayrılır? Bu vəsait necə bölüşdürülür? Layihələr ölkənin strateji prioritetləri ilə nə dərəcədə üst-üstə düşür? Eyni mövzulara təkrar-təkrar baxılan layihələr varmı? Hansı sahələr kənarda qalır? Ayrılan pulların ictimai faydası necə ölçülür? Əslində bu suallar təkcə QHT sektoruna aid deyil. Bütün sahələrdə dövlət maliyyəsinin idarə olunması, siyasətlərin effektivliyi və büdcə vəsaitlərinin səmərəliliyi ilə bağlıdır. Son illər dövlət idarəçiliyində nəticəyönümlülük, rəqəmsallaşma və səmərəlilik daha çox ön plana çıxır. Bu baxımdan koordinasiya mexanizminin yaradılması təsadüfi deyil. Bunu əlavə nəzarət kimi yox, vəsaitlərin daha yaxşı planlaşdırılması, təkrarların qarşısının alınması, prioritetlərin dəqiqləşdirilməsi və nəticələrin obyektiv qiymətləndirilməsi istiqamətində atılmış addım hesab edirəm”.
Koordinasiya funksiyasının Agentliyə verilməsinin səbəbinə toxunan müsahibimizə görə, bunun arxasında həm praktiki, həm də institusional səbəblər var. Agentlik son illərdə qrant müsabiqələrinin təşkili, layihələrin qiymətləndirilməsi, monitorinq, hesabatlılıq və rəqəmsal idarəetmə sahəsində ciddi təcrübə toplayıb.
“Dövlət yeni qurum yaratmaqdansa, mövcud potensialdan istifadə etməyi üstün tutub. Bu, həm resurslara qənaət, həm də davamlılıq baxımından başadüşüləndir.
Amma bu qərarı təkcə Agentliyin səlahiyyətlərinin genişlənməsi kimi qəbul etmək səhv olar. Əslində Agentliyin üzərinə düşən yük də artır. Artıq söhbət sadəcə qrant müsabiqələrindən getmir. Söhbət dövlətin QHT siyasətinin əlaqələndirilməsi, müxtəlif qurumlar arasında körpülərin qurulması, məlumatların ümumiləşdirilməsi və nəticələrin qiymətləndirilməsindən gedir. Yeni yanaşma Agentliyə həm yeni vəzifələr, həm də yeni öhdəliklər qoyur”, - deyə Ə.Nuriyev əlavə edib.
Müsahibimiz hesab edir ki, ən çox maraq doğuran məqamlardan biri digər dövlət sifarişçilərinin taleyidir:
“Söhbət onların səlahiyyətlərinin məhdudlaşdırılmasından və ya kənarlaşdırılmasından getmir. Əksinə, yeni qaydalar onlara öz sahəvi prioritetləri əsasında QHT-lərlə əməkdaşlıq etmək hüququnu saxlayır. Sadəcə proses daha mütəşəkkil formaya düşür. Artıq hər bir qurum öz sahəsində təcrid olunmuş "ada" deyil, Agentliyin əlaqələndirici rolu sayəsində ümumi dövlət siyasətinin bir parçasıdır. Bu, fərdi təşəbbüslərdən sistemli, bir-birini tamamlayan və strateji hədəflərə xidmət edən əməkdaşlıq modelinə keçiddir”.

Əliməmməd Nuriyev: Kiçik qrantların artırılması sadəcə pul məsələsi deyil, həm də...
Kiçik qrantların artırılmasına gəldikdə həmsöhbətimizini fikrincə, dövlət keyfiyyətli nəticə tələb edirsə, bunun üçün adekvat maliyyə də yaratmalıdır. Bu baxımdan kiçik qrantların artırılması sadəcə pul məsələsi deyil, həm də vətəndaş cəmiyyətindən gözləntilərin böyüməsinin ifadəsidir.
“Ən diqqətçəkən məsələlərdən biri böyük qrantlar üzrə yuxarı həddin ləğvidir. Yeni yanaşma dövlətin QHT-ləri təkcə kiçik layihələrdə deyil, həm də geniş proqramlarda, monitorinqlərdə, tədqiqatlarda, sosial xidmət təşəbbüslərində və rəqəmsal həllərdə tərəfdaş görməsinin əlamətidir. Yanaşmanın kökündə o durur ki, əgər təşkilatın peşəkarlığı, institusional dayanıqlığı və ictimai fayda yaratmaq qabiliyyəti varsa, maliyyə məbləği süni şəkildə məhdudlaşdırılmamalıdır. Ancaq bir incə məqam var, böyük qrant avtomatik olaraq böyük uğur demək deyil. 20 min manatlıq layihə ilə yüz minlərlə manatlıq proqramı idarə etmək arasında böyük fərq var. Burada təşkilatın institusional gücü, maliyyə intizamı, kadr potensialı və daxili nəzarət mexanizmləri həlledici rol oynayır”, - deyə Əliməmməd Nuriyev vurğulayıb.
Gülşən Şərif
Bakı 



