2026-cı il seçkiləri ərəfəsində Hindistanda siyasi partiyalar yeni regional koalisiyalar formalaşdırır. Bu koalisiyalar yalnız hakimiyyət bölgüsünü deyil, həm də ölkədə sosial proqramların və iqtisadi prioritetlərin istiqamətini müəyyən edə bilər. Hər bir koalisiya üzvünün maraqlarının nəzərə alındığı bu proses Hindistanın federal idarəçiliyində yeni siyasi modellərin ortaya çıxmasına zəmin yaradır.
Bəs koalisiya danışıqları Hindistanın federal idarəçiliyinə hansı yeni siyasi modelləri gətirə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politloq Azad Məsiyev bildirib ki, Hindistan Asiya regionunda ən böyük dövlətlərdən biridir və əhalisinə görə dünyada ilk sıralarda yer tutur. Eyni zamanda nüfuzlu bir dövlət kimi dünya siyasətində və qlobal proseslərə təsir imkanına malikdir.
Politoloqun sözlərinə görə, Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatında fəal üzv dövlətlərdən biridir. Ölkənin Rusiya ilə uzunmüddətli strateji əməkdaşlığı mövcuddur və iqtisadi-siyasi münasibətlərini genişləndirir. Eyni zamanda Hindistan regiondakı digər dövlətlərlə də əməkdaşlıq maraqları güdür:
"Buna baxmayaraq, Hindistanın qonşuları, xüsusilə Pakistanla siyasi konfrontasiyası davam edir. Şri-Lanka ilə əlaqələrdə də müəyyən problemlər müşahidə olunur. Hindistanın siyasi və iqtisadi inkişaf perspektivləri qonşularla münasibətlərin yaxşılaşdırılması və etnik məsələlərdə ədalətli mövqe nümayiş etdirilməsi ilə sıx bağlıdır".
.jpg)
Azad Məsiyev: Bu, koalisiyanın fəaliyyətində fikir ayrılıqlarına gətirib çıxara bilər
Müsahibimiz bildirib ki, zaman-zaman Hindistanda siyasi partiyalar arasında rəqabət baş verir, lakin bu rəqabət iqtisadi inkişaf və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atılmasına hələlik kifayət etmir. Hər bir dövlətdə müəyyən siyasi böhranlar yarananda, problemlərin aradan qaldırılması üçün koalisiya şəklində ortaq qərarlar qəbul edilir:
"Hindistanda koalisiya şəklində hakimiyyət yaradılarsa, bu qarşılıqlı anlaşma əsasında olacaq və vəzifə bölgüsü koalisiyanın nəticəsindən asılı olaraq həyata keçiriləcək. Vahid bir platforma olmadığından, koalisiya çərçivəsində ciddi rəqabət və qarşılıqlı ittihamlar meydana gələ bilər. Bu, koalisiyanın fəaliyyətində fikir ayrılıqlarına gətirib çıxara bilər".
Politoloqun sözlərinə görə, buna baxmayaraq, Hindistanda aparılan siyasi təşəbbüslər ölkədə sabitliyin təmin edilməsinə yönəlmiş addım hesab olunur.
Zeynəb Rzayeva
Bakı 




