ATV kanalının aparıcısı Zaur Bəxşəliyev koronavirusa yoluxub. Aparıcı karantin dövründə olduğu üçün onun həftəiçi efirə gedən "Bizimləsən" proqramına aparıcılıq həyat yoldaşı Günay Bəxşəliyevaya həvalə edilib.
Bakıvaxtı.az xəbər verir ki, Zaur Bəxşəliyev virus olduğunu öyrəndiyi gündən etibarən ailəsindən ayrı yaşadığını bildirib. Ancaq nəzərə alsaq ki, virus testinin cavabı çıxmamışdan öncə virusa yoluxma ehtimalı var, belədə ailə üzvlərinin karantində qalmalı olduğu halda, həyat yoldaşının hər gün canlı yayıma çıxması nə dərəcədə düzgündür?
Tibbi ekspert Rasif Bağırovun Bakıvaxtı.az-a dediyinə görə, nəzərə alsaq ki, xəstəliyin inkubasiya dövrü 14 gün davam edir, xəstə virusa yoluxduğunu bildiyi gündən 14 gün qabaq kiminlə söhbət edir, yaxın məsafədə dayanırsa, onların hamısını yoluxdurmuş olur: “Ona görə də, böyük ehtimal həmin kontaktda olduğu insanları yoluxdurub. Yəni, "mən həmin gündən ayrı yaşayıram"- filan deməyin dəxli yoxdur”.
Həkim vurğulayıb ki, həmin adamlar da inkubasiya dövrünü başa vurduqdan sonra onlarda da temperatur və digər əlamətlər meydana çıxacaq: “Bu səbəbdən, onların yoluxdurma qabiliyyəti var”.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, xəstənin virusu ailə üzvünə yoluxdurması mümkündür: “Xəstəliyin ilk günləri, hətta inkubasiya dövrünün sonlarından etibarən virusu başqalarına yoluxdurma mümkündür. Xüsusilə xəstəliyin ilk günləri yoluxdurma qabiliyyəti bir neçə dəfə də artır”.
Onun sözlərinə görə, əgər ailə üzvlərindən biri ictimaiyyət qarşısına çıxmağa məcburdursa, burun və udlaqdan koronavirus testi verməlidir: “Əgər burunda və ya boğazda virus aşkar olunmursa, bu o deməkdir ki, həmin şəxsin yoluxdurma riski yoxdur. Amma bu test iki dəfə olmalıdır. Çünki birinci dəfə edilən testdə adam inkubasiya dövründə olduğu üçün cavab neqativ çıxa bilər. Ona görə, birinci testdən 3-4 gün sonra təkrar test verilməlidir. Mən bunları tibbi, insanları yoluxdurmamaq baxımından deyirəm”.
M.Əliyev deyir ki, hüquqi baxımdan məsələ başqadır, təmasda olduğu insanlardan test götürülmür: “Amma nəzərə alsaq ki, toplum içərisində olur və kimisə yoluxdurma ehtimalı var, test verə bilər. Hüquqi baxımdan isə qeyri-qanuni bir şey yoxdur”.
Tibb elmləri doktoru Adil Qeybulla isə məsələyə münasibət bildirmək istəmədiyini qeyd edib: “Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Yəni bu, başqa rəng almasın. Məsələ burasındadır ki, indi insanlar bir növ buna öyrəşiblər. Təsəvvür edin ki, bu gün evlərdə nə qədər xəstə var ki, özləri müalicə alır. Bu baxımdan, buna münasibət bildirmək başqa rəng ala bilər, çünki şəxsi məsələdir”.
İnfeksionist Nicat Əzimli isə aparıcının xəstəliyini bilmədiyi üçün dəqiq fikir söyləməyin doğru olmadığını vurğulayıb: “Hər halda Zaur Baxşəliyev həkim nəzarətindədir və hər bir həkim xəstəyə ilkin baxış keçirərkən xəstəlik anamnezini, xüsusilə infeksion xəstəlikdirsə, epidemioloji anamnezi də araşdırır və buna uyğun tədbir görülür. Zaur bəyin xəstəlik və epidemioloji anamnezini bilmədiyimizə görə bu haqda bizim dəqiq fikir söyləməyimiz doğru olmaz”.
Aytac Aslan
















