"Soliton" mağazalar şəbəkəsinin Tərtər filialından zəmanət talonu ilə alınan soyuducu nasaz vəziyyətə düşüb. Şirkət təxminən 2 aydır ki, məhsulu təmir edir.
Bu barədə Bakıvaxtı.az-a Tərtərin Kolanı kənd sakini Abdulla Abdullazadə bildirib.
Şikayətçinin sözlərinə görə, təmir müddətinin bu qədər uzun çəkməsi onun səbr kasasını doldurub:
""Soliton"un Tərtər filialından kreditlə soyuducu almışam. Krediti vaxtlı vaxtında ödəyirəm. Zəmanət vaxtı bitməmiş soyuducu xarab oldu”.
A.Abdullazadə bildirir ki, problemlə bağlı məhsulu aldığı mağazaya şikayət edib:
“Şikayətimdən sonra şirkətdən gəlib soyuducunu apardılar ki, ya təmir edib gətirəcəyik, ya da təzəsini verəcəyik. Amma 2 aydır şirkətdən bir cavab yoxdur. “Qaynar xətt”ə də zəng vurmaqdan yorulmuşam. Soyuducudan hələ də xəbər yoxdur”.

Bakıvaxtı.az şikayətlə bağlı “Soliton” Mağazalar Şəbəkəsi ilə əlaqə saxlayıb. Şirkətdən verilən məlumata görə, soyuducu firmasına uyğun olaraq Türkyəyə göndərilib. Burada qərar verilib ki, məhsul ya dəyişdirilsin, ya da yenisi ilə əvəz edilsin:
“Lakin serverə verilməli olan akt gecikir”.
Şirkətdən o da bildirildi ki, bu gün ərzində akt veriləcək və onun əsasında müştəri malı əldə edə biləcək.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, rəhbərlik etdiyi quruma zəmanət talonu verilmiş malların zəmanət öhdəliyinin yerinə yetirilməmsi barədə çoxsaylı şikayətlər daxil olur:
"Belə hallarla qarşılaşan istehlakçının bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatına məlumat vermələrini tövsiyə edirəm. Müştərilər möhürlü və imzalı formada zəmanət talonunu almalı, çeklə birgə uzun müddət saxlamalıdır".
Zeynəb Rzayeva
Bakı 



