Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirmiş 44 yaşlı şəxsin məhkəməsi keçirilib.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən məlumatına görə, rayon sakini Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Vasif “TikTok” səhifəsində “Azərişığ”ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq neqativ məzmunlu paylaşımlar edib və buna görə idarənin rəisi Fikrət Əhmədov onu məhkəməyə verib.
Bundan sonra Vasif Fətiyev Gəray Əsədov küçəsində Fikrət Əhmədovla qarşılaşıb və aralarında insident baş verib.
Hadisə zamanı Vasif rəisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Ardınca sinə nahiyəsinə bir dəfə yumruqla, daha sonra əlində olan mobil telefondan silah qismində istifadə edərək, sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub.
Nəticədə ona sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara xarakterli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.
Daha sonra həmin yerə yaxın məsafədə olan Fikrət Əhmədova məxsus “Changan CS 55 Plus” markalı avtomobilin ön kapot hissəsinə sağ əli ilə qəsdən bir neçə dəfə zərbə endirərək, ona 100 manat məbləğində zərər vurmaqla, ictimai qaydanı kobud şəkildə pozub.
O da məlum olub ki, V.Fətiyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə V.Fətiyevə 3 il həbs cəzası verilib.
Bakı 



