Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, “Le Monde” qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər.
Bu barədə Bakıvaxtı.az "Figaro"ya istinadən xəbər verir.
Mayott adasındakı dağıdıcı qasırğa və
hökumət böhranından əlavə, “Le Monde” qəzetindəki son məqalə də Makron üçün narahatlıq yaradıb. Nəşrə görə, Fransa prezidenti əhalinin müxtəlif qruplarına - qaradərililərə, Məqrib mənşəli vətəndaşlara, eləcə də cinsi azlıqlara qarşı bir sıra təhqiramiz şərhlər səsləndirib.
Məqaləyə əsasən, Makron ölkədəki xəstəxanaların problemlərindən danışarkən bildirib ki, bunlar xəstəxanaların qəbul şöbələrində çox sayda "mamadu"nun (ölkədə qaradərililəri təhqir etmək üçün işlədilən jarqon ifadə) olması ilə əlaqəlidir. O, həmçinin Məqrib mənşəli fransızlara münasibətdə "rabzuz" kimi başqa bir jarqon ifadə işlədib və LGBT icmasına qarşı təhqiramiz şərhlər verib.
“Le Figaro”ya açıqlama verən Yelisey sarayı bu fikirləri "başqalarının dilindən danışılan" və "etibarlı hesab edilə bilməyən" iddi kimi qiymətləndirərək onları təkzib edib. Dövlət başçısına yaxın digər bir mənbə də "siyasi rəqiblər tərəfindən nəşrə ötürüldüyü aşkar olan fikirlərin fakt kimi təqdim edilməsinin təəccüblü olduğunu" bildirib.
Somma departamentindən olan deputat Fransua Ruffen isə qalmaqala "Burada hər şey var: irqçilik, homofobiya, seksizm", - deyə reaksiya verib. Milli Assmbleyadakı “Yenilməyən Fransa" partiyasının vitse-prezidenti Klemans Gette prezident Makron haqqında "bu irqçi ifadələr onun həmin vəzifəni tutmağa layiq olmadığını göstərir", - deyib.
Nor departamentindən olan deputat David Giro qeyd edib: "Əgər o fikirlər təsdiqlənərsə, bu, prezidentin istefasına çağırışların legitimlik yükünü daha da artıracaq”.
Məqalədə həmçinin Lusi Kastets (NFP) və ekoloqların lideri Marin Tondelye kimi sol siyasi fiqurlar haqqında "şıltaq" kimi ifadələrin səsləndirildiyi də qeyd olunub. M.Tondelye bunun "son dərəcə şokedici homofob ifadələrə əlavə olunan seksist fikirlər" olduğunu bildirib.
Prezidentin əksər tərəfdarları baş verənləri şərh etməkdən hələlik çəkinirlər. Yalnız makronist deputat Qiyom Quffye prezidentə ünvanlanan fikirləri "nə demokratiyaya, nə də jurnalistikaya xidmət etməyən məsuliyyətsiz sensasiya axtarışı" adlandıraraq pisləyib.
Eyni zamanda, Yelisey sarayı da bəhs olunan iddiaları rəsmən rədd edib.