• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

İQTİSADİYYAT

25 Aprel 2025 | 13:33

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.  

Belə ki, fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. 

Həmçinin, Nazirlik 2 həftə öncə 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi. 

Bəs, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib.

Deputat izah edib ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək.

Onun sözlərinə görə, depozit gəlirlərində 7.04 faizədək azalma var:

"Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır".

V.Bayramov əlavə edib ki, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların  sayı ilə bağlıdır. Deputat qeyd edib ki, Bu  dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb:

"Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan  deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər".

Millət vəkili vurğulayıb ki, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır. 

"Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.  Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir".

Bundan başqa MM üzvü diqqətə çatdırıb ki, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki  son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə:

"Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə  bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə  bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır".

Mina Mikayılova


SON XƏBƏRLƏR