• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Meğri yolu açılır, Gürcüstan Avropaya üz tutur - Müsahibə

MÜSAHİBƏ

21 Aprel 2021 | 10:14

Meğri yolu açılır, Gürcüstan Avropaya üz tutur - Müsahibə

Ölkə iqtisadiyyatının bir çox başqa sahələri ilə bərabər, enerji sektoruna da nəzarət edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia TurnavaTbilisinin Brüssellə Qara dənizin altından Gürcüstan Avropa Birliyinin enerji sistemlərini birləşdirəcək yüksək gərginlikli ötürücü elektrik kabelinin çəkilməsi layihəsini fəal şəkildə müzakirə etdiyini bildirib. Bu məsələ AB-GürcüstanAssosiasiyası Şurasının Brüsseldə keçirilən iclasında müzakirə edilib. Nazir Dünya Bankının sualtı ötürücü xətt layihəsini maliyyələşdirməyə hazır olduğunu da bildirib.

Gürcüstan elektrik enerjisini həmişə, ən çətin günlərdə belə, Azərbaycan, Rusiya və Türkiyədən alıb. Üstəlik bu təchizat mövcud elektrik xətlərindən keçir və əlavə milyardlarla dollar xərc tələb etmirdi. Onda bu yeni layihə Gürcüstana nə verəcək?

Mövzu ilə bağlı Bakivaxti.az-a açıqlama verən ekspert Natiq Cəfərli bildirdi ki, əslində bu layihə ilə bağlı hələki nə konkret tarixlər, nə də maliyyə mənbələri məlumdur. “Gürcüstan enerji asılılığının birtərəfli qaydada azaldılması məsələsini, həm də Avropa enerjisinə inteqrasiya məsələsini gündəmə gətirib. Çünki Azərbaycan, İran, Türkiyə və Rusiya enerji xətlərinin birləşdirilməsi və qarşılıqlı enerji xətlərinin yaradılmasıyla bağlı ümumi bir qərara gəliblər.

Əslində port ətrafında elektrik enerjisi qaz turbinləri ilə işləyəcək. Elektrik stansiyasının inşası tamamlanmaq üzrədir. Gürcüstan qazı elektrik enerjisi əldə etmək üçün alır. Ona görə də barəsində danışılan layihə iqtisadi nöqteyi-nəzərdən o qədər də anlaşılan bir layihə deyil. Həddindən artıq baha başa gəlir. Gürcüstan hökuməti Azərbaycan-Rusiya elektrik xətləri birləşəcəyi təqdirdə mövcud asılılıqdan qurtulmaq və Avropaya yaxınlaşmaq üçün bunu edib. Yəni bu addım siyasi xarakterlidir”.

-Nazirin layihənin həyata keçirilməsində Avropa şirkətlərinin iştirakının həddindən artıq əhəmiyyətli olduğunu vurğulamasına səbəb nədir?

-İki məsələ səbəb ola bilər. Birincisi, Avropada Yenidənqurma və İnkişaf Bankı, ya da Dünya Bankı bu tipli lahiyələrə vəsaiti ya aşağı faizlə, ya faizsiz və ya bir hissəsini qrant şəklində müəyyən şərtlər daxilində ayıra bilir. Bu şərtlərdən biri də lahiyəyə Qərb şirkətlərinin cəlb edilməsidir. İkinci səbəb budur ki, digər ölkələrin, əsas da region ölkələri şirkətlərinin bu lahiyədə iştirakı hansısa formada Rusiyanın təsirlərinin biruzə verilməsi ilə nəticələnə bilər. Çox güman ki, buna görə belə bir açıqlama verilib. Təkrar edirəm: lahiyə öz-özlüyündə iqtisadi cəhətdən rentabelli görünmür, bunun siyasi ayağı daha çoxdur. Ola bilər ki, bu kommunikasiya xətləri ilə paralel təhlükəsizlik məsələləri ilə bağlı başqa işlərin də görülməsi nəzərdə tutulub. Böyük ehtimal ki, vəsait Gürcüstana deyil, tamlıqla həmin Qərb şirkətlərinin hesabına köçürüləcək və bütün işləri də onlar görəcəklər.

-Maliyyə cəhətdən sərfəli bir lahiyə olmadığını deməklə maraqlı məqama toxundunuz. 2000-ci illərin əvvələrində Azərbaycan elektrik enerjisinin Gürcüstan ərazisindən Türkiyəyə və oradan da Avropaya ixracına dair Bakı, Tbilisi və Ankaranın iştirakı ilə danışıqlar aparılmışdı. Düzdür, əvvəlcə infrastruktur çatışmazlığı və texniki çətinliklər üzə çıxmışdı. Ancaq bunların hamısı, görünür, həll edilmiş və 2014-cü ilin sonunda yeni elektrik xəttinin bir il içində hazır olacağı bildirilmişdi. Bəs sonra Gürcüstanı nə qane etmədi? O, fikrini niyə dəyişdi?

-Təfərrüatlara varmaq  çətindir. Təbii, ilk səbəb asılılıq məsələsidir. Belə ki, Azərbaycan Gürcüstanın mavi yanacığının 95 %-ini təmin edir. Neft məhsullarının ixracatında da asılılıqlar var. “SOCAR Georgia” ən böyük vergi ödəyicisidir, fəaliyyəti də göz qabağındadır. Gürcüstanın da elektrik enerjisinin bir qismini Azərbaycan təmin edir. Beləliklə, hər üç istiqamət üzrə Gürcüstanın qonşu ölkə olan Azərbaycandan asılığı yaranır. Görünür, yaranmış situasiyadan Gürcüstanın milliyyətçi partiyaları, siyasətçilər, hətta Qərbdə olan müəyyən çevrələr ehtiyat edir. Hətta bir zamanlar Azərbaycandan qaz asılılığını azaltmaqdan ötrü Gürcüstan, münasibətlərinin kəskin olmasına baxmayaraq,  Rusiya ilə danışıqlar aparıb. Yəni asılılıq kifayət qədər ciddi məsələdir.

-Azərbaycan neft və qazı Gürcüstan ərazisindən keçdiyi üçün oranı tranzit haqqı və güzəştli qiymətlərlə həmin məhsullarla təmin edir. Bakı elektrik enerjisinin tranziti üçün Tbilisiyə eyni güzəşti edəcək. Bunun müqabilində Gürcüstanın əlavə xərclərə razılaşması siyasi bloklaşmadan xəbər vermirmi?

-Tam yox, çünki Gürcüstan, Azərbaycan, Türkiyə istər-istəməz bu bölgədə birgə fəaliyyət göstərməyə məhkumdurlar. Ümumiyyətlə, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı kimi görünür, yəni bütün koridorlar Gürcüstan ərazisindən keçir. Sadəcə Gürcüstanı son zamanlar narahat edən bir məsələ Azərbaycanın hərbi qələbədən sonra Meğri dəhlizinin açılaraq,  Türkiyə ilə Azərbaycanın Naxçıvan üzərindən birləşməsi, Meğridən keçən avtomobil, dəmir yollarının, yeni infrastruktur xətlərinin qurulmasıdır. Müharibəyə qədər vəziyyətdən ən çox qazanananlardan biri Gürcüstan idi. Yəni köhnə-yeni dəhlizin fəaliyyətə başlaması Gürcüstanın qazancına müəyyən mənfi təsir göstərəcək, çünki tranzit, əsas da avtomobil tranziti  xeyli azala bilər. Gürcüstanda olanlar öz gözləri ilə görüblər ki, Gürcüstan-Türkiyə sərhədindən Qazaxa qədər, yəni Qırmızı körpüyə qədər olan yolla gün ərzində onlarla, yüzlərlə, il ərzində isə, səhv eləmirəmsə, 20-25 min tır keçir. Həmin yollar ətrafındakı ərazilərdə böyük iqtisadi fürsətlər də yaranmışdı: kafelər, restoranlar, təkər təmirindən tutmuş avtomobil təmirinə qədər təmir nöqtələri, motellər. Yeni dəhlizin açılması, ola bilər ki, müəyyən hallarda avtomobil yolunun qısalmasına səbəb olacaq: Türkiyənin Naxçıvana yaxın bölgələrindən gələn avtomobillər daha  Azərbaycana Trabzona qədər gəlib Gürcüstan üzərindən gəlməyəcək. Türklərin hamısı heç də Azərbaycana gəlmirdi axı, buradan Orta Asiyaya keçirdilər. O yüklərin Türkiyədən birbaşa Azərbaycana daxil olması və Meğri dəhlizindən keçib Bakıya çataraq oradan Orta Asiyaya keçməsi Gürcüstanın gəlirlərinin azalmasına səbəb olacaq. Görünən odur ki, bu, Gürcüstanda qıcıq yaradır.

Bəhruz Salmanov

Bakivaxti.az

 

 

 

 


SON XƏBƏRLƏR