Mərakeş və Böyük Britaniya birgə "Səhra dağı" hərbi təlimlərinə başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, təlimlər "Rəmram" bölgəsində keçirilir. Oktyabrın 17-dək davam edəcək təlimlərdə məqsəd hər iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlığı artırmaq və təcrübə mübadiləsi aparmaqdır.
"Səhra dağı" təlimi 1989-cu ildən etibarən bölgədə mühüm ikitərəfli hərbi təlimlərdən biri sayılır. Builki təlimlərə Mərakeş və Böyük Britaniyadan yüksəkrütbəli zabitlər və hərbi rəsmilər, eləcə də Mərakeşin Kral Qvardiyası, birinci və ikinci desant piyada alayı və Böyük Britaniyanın Cəbəllüttariq alayı qatılıb.
Qeyd olunur ki, təlimlər müxtəlif qoşun növləri arasında əməliyyat uyğunluğunu artırmaq, döyüş və strateji bacarıqları inkişaf etdirmək üçün bir fürsətdir. Həmçinin bildirilib ki, bu təlimlər tərəflər arasında müasir texnologiya və təcrübə mübadiləsi aparmağa imkan verəcək, hər iki tərəfin qüvvələrinin döyüş hazırlığını artırmağa və uzunmüddətli hərbi əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək.